Azərbaycanda elektron reseptə keçid: Hansı dərmanlar artıq sistemə daxil edilib?

media-hightechnic-468x90

Azərbaycanda elektron resept sisteminə keçid prosesi davam etsə də, bu proses hələ ki bütün sahələri tam əhatə etmir.

media-banner_tuq

Mövzu barədə Yenicag.az-a açıqlamasında əczaçı Qalib Məmmədov bildirib ki, hazırda həkimlərin bir hissəsi elektron resept sisteminə tam inteqrasiya olsa da, digərləri müxtəlif səbəblərdən hələ də bu sistemdən kənarda qalıb.

Onun sözlərinə görə, xüsusilə psixotrop təsirli dərman preparatlarının dövriyyəsi artıq tam şəkildə elektron reseptlərlə tənzimlənir:

“Əsəb dərmanları neyroleptiklər, trankvilizəedici preparatlar və digər psixotrop təsirli ağrıkəsicilər artıq elektron resept sisteminə daxil edilib. Bu qrup dərmanlar apteklərdə yalnız elektron resept əsasında buraxılır. Buna görə də həmin sahədə çalışan həkimlər bütün reseptləri məcburi şəkildə elektron formada yazırlar. Hazırda həmin dərmanların dövriyyəsinə ciddi nəzarət olunur və bütün məlumatlar sistemdə qeydiyyata alınır”.

Əczaçı qeyd edib ki, digər xəstəliklərin müalicəsində istifadə olunan preparatların böyük hissəsi hələ də kağız reseptlərlə verilir:

“Ürək-damar, həzm sistemi və mədə-bağırsaq xəstəlikləri üçün istifadə olunan dərmanların əksəriyyəti hələ də kağız reseptlərlə buraxılır. Lakin yaxın zamanda həmin dərmanların da elektron resept sisteminə daxil ediləcəyi gözlənilir”.

Qalib Məmmədovun sözlərinə görə, elektron reseptlərin tətbiqi həm pasiyentlər, həm həkimlər, həm də apteklər üçün bir sıra mühüm üstünlüklər yaradır:

“Elektron reseptdə məlumatlar sistemdə saxlanıldığı üçün xəstənin üzərində kağız daşımasına ehtiyac qalmır. Həkimlər isə xəstənin əvvəlki müalicə tarixçəsinə asanlıqla baxa bilirlər. Bu da müalicə prosesinin daha effektiv və şəffaf təşkilinə imkan yaradır”.

Ekspert əlavə edib ki, elektron resept sisteminə keçidin sürətləndirilməsi olduqca vacibdir. O bildirib ki, nəzarət mexanizmləri də artıq sərtləşdirilib:

“Hazırda Analitik Ekspertiza Mərkəzi tərəfindən apteklərdə və tibb müəssisələrində müntəzəm yoxlamalar aparılır. Elektron reseptə keçid qaydalarını pozan həkimlər və əczaçılar inzibati qaydada cəzalandırıla bilər. Hətta ciddi hallarda bu, fəaliyyətə məhdudiyyət qoyulmasına qədər gətirib çıxara biləcək ağır nəticələrə səbəb ola bilər”.

Mütəxəssis hesab edir ki, dərman dövriyyəsinə nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması üçün elektron resept sisteminə tam keçid qaçılmazdır.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05