“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi maliyyə qurumları ilə əməkdaşlıq şəraitində xarici ölkələrin ən yaxşı təcrübəsi araşdırılır”.
Avropa ölkələrinin təmsilçiləri Finlandiyada Kiçik və Orta Bizneslər Assambleyasının təşkilatçılığı ilə təsərrüfat subyektlərinə minimum 10 il müddətinə investisiya ayırmağın vacibliyini müzakirəyə çıxarıblar. Müzakirə obyekti dairəvi iqtisadiyyatdan, ekoloji fikirlərin hazırlanması və informasiya texnologiyaları sahəsində biznesin inkişafından ibarətdir. Bu, Avropanın kiçik və orta sahibkarlıq subyektlərinin “dözümlü maliyyələşdirilməsi” relsinə keçidi kimi qiymətləndirilir.
Avropada effektivliyinə nikbin baxılan bu praktikanın Azərbaycanda da tətbiqinin mümkünlüyü və özünü doğrultmaq ehtimalının aktuallığı məsələnnin araşdırılması zərurətini doğurur.
Mövzu ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Yenicag.az-a verilən məlumata görə, qurum kiçik və orta sahibkarlığın innovativ inkişafını hər zaman diqqət mərkəzində saxlayır. Bu yanaşma biznes subyektlərinin davamlı və dayanıqlı inkişafı, ekoloji təmiz və dairəvi iqtisadi inkişaf elementlərini özündə ehtiva edir:
“İnnovativ sahibkarlığın inkişafı məqsədilə startap layihələri üçün qanunvericilikdə vergi güzəştləri nəzərdə tutulub. Bu addım müvafiq sahənin inkişafına və investisiyaların cəlb edilməsinə stimul verəcək. Eyni zamanda, KOBİA ekoloji təmiz, təbii və xammalın təkrar emalına əsaslanan istehsal sahələrinin yaradılmasını təşviq edir. Bu məqsədlə müxtəlif ixtisaslaşmış sərgi və yarmarkalarda müvafiq sahədə fəaliyyət göstərən biznes subyektlərinin iştirakına, onların fəaliyyətinin və satış imkanlarının genişləndirilməsinə dəstək göstərilir”.
KOBİA-nın sorğumuza cavabından məlum olur ki, innovativ sahibkarlığın inkişafının təşviqi mexanizmi kimi agentlik tərəfindən həyata keçirilən daxili bazar araşdırmasına dövlət dəstəyi mexanizmini də aid etmək olar:
“Sözügedən mexanizm əsasında hazırlanan ətraf mühit və iqtisadi prizmadan dayanıqlı layihələr investisiyaların cəlb edilməsi və tətbiqi baxımından da münasib olacaq.
KOBİA həmçinin birbaşa olaraq kiçik və orta biznesin maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması məqsədilə həm mövcud maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, həm də yeni və innovativ maliyyələşdirmə mexanizmlərinin tətbiqi istiqamətində müvafiq işlər aparır. Bu məqsədlə maliyyə qurumları ilə əməkdaşlıq edilir, xarici ölkələrin ən yaxşı təcrübəsi araşdırılır. Sözügedən maliyyələşdirmə mexanizmləri çərçivəsində kiçik və orta biznesin dayanıqlı maliyyələşdirmə, ekoloji təmiz və dairəvi iqtisadi inkişaf prinsipləri də nəzərə alınacaq”.
Gülşən Şərif
www.yenicag.az