Azərbaycanda kredit faizlərinin yüksək qalmasının iqtisadi səbəbləri – TƏHLİL

media-hightechnic-468x90

Azərbaycanda kredit faizlərinin yüksək qalmasının səbəbləri və növlər üzrə fərqlər yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə istehlak kreditlərində müşahidə olunan yüksək faiz dərəcələri vətəndaşların maliyyə yükünü artıran əsas amillərdən biri kimi qiymətləndirilir.

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, kreditlər ümumilikdə üç əsas qrupa bölünür: biznes, ipoteka və istehlak kreditləri:

“İpoteka kreditlərində faiz dərəcəsi ən aşağı olur. Daha sonra biznes kreditləri gəlir. Biznes kreditlərində də güzəştli hissə daha aşağıdır və ümumilikdə istehlak kreditləri ilə müqayisədə daha sərfəli hesab olunur. Lakin faizlər biznes sahəsindən asılı olaraq fərqlilik göstərə bilər”.

İqtisadçı qeyd edib ki, ən yüksək faizlər isə bütün dünyada olduğu kimi, Azərbaycanda da istehlak kreditlərinə aiddir:

“İstehlak kreditlərinin də öz növləri var – girov təminatlı, təminatsız və sair. Burada əsas rol oynayan məqam vətəndaşın maliyyə vəziyyəti və risk səviyyəsidir. Gəliri yüksək, riski aşağı olan şəxslər daha aşağı faizlə kredit əldə edə bilir. Əksinə, risk yüksək olduqda banklar faizləri də artırır”.

Onun sözlərinə görə, hətta istehlak kreditlərinin daxilində də ciddi fərqlər mövcuddur:

“Əgər kredit girovla təmin olunubsa və ya vətəndaşın kredit yükü azdırsa, daha aşağı faizlə vəsait götürmək mümkündür. Lakin bu şərtlər olmadıqda daha yüksək faizlərlə qarşılaşırıq”.

Xalid Kərimli xüsusilə kiçik məbləğli kreditlərdə faizlərin daha yüksək olmasını belə izah edib:

“Kiçik məbləğli kreditlərdə xərclər daha çox olur. Bank üçün müştərinin yoxlanılması prosesi 100 manatda da, 5000 manatda da eynidir. Bu da kiçik kreditlərdə faizlərin yüksəlməsinə səbəb olur. Üstəlik, belə kreditlər geri qaytarılmadıqda, inzibati xərclər məbləğə nisbətdə daha baha başa gəlir”.

Ekspert əlavə edib ki, xüsusilə “gündəlik” və ya “payday” tipli kreditlərdə faizlərin yüksək olması məhz bu amillərlə bağlıdır.

Sonda iqtisadçı vətəndaşlara kredit götürərkən diqqətli olmağı tövsiyə edib:

“Vətəndaş kredit götürəndə mütləq öz maliyyə imkanlarını nəzərə almalıdır. Kreditin sərfəli olub-olmadığını fərdi qaydada qiymətləndirmək vacibdir. Tələbat yüksək olduqca, faizlərin də yüksək qalması qaçılmazdır”.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05