!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda "kriminal abort" - Qadınları ölümə aparan DƏHŞƏT - SOS

!Reklam – Yazi

Azərbaycanda qanunsuz abort etməyə görə daha ağır cəzaların tətbiqi nəzərdə tutulur.

Bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Məcəllənin 141-ci (Qanunsuz abort etmə) maddəsinə təklif olunan dəyişikliyə görə, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə cərimə 500 manatdan 1000 manatadək, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 manatadək, bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda isə 2000 manatdan 3000 manatadək məbləğdə müəyyən edilir.

Məcəlləyə təklif edilən dəyişikliyə Milli Məclisin sabah baş tutacaq plenar iclasında baxılacağı gözlənilir.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Səhiyyə Nazirliyi “Doğuşa yardım” Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova ev şəraitində abortların qanunsuz olmaqla yanaşı, ciddi fəsadlara yol açdığını da bildirdi:

“Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu buraxılışında evdə abort “kriminal abort” kimi qeyd olunur. Azərbaycanda hamiləliyin 12 həftəsinədək aborta icazə verilir. 12 həftədən sonra isə abort üçün mütləq tibbi göstəriş olmalıdır. Hamiləliyin 6-7 həftəsində mini abortların qadın məsləhətxanalarında aparılmasına icazə verilir. 8 həftədən sonra döldə sümükləşmə olduğundan abortda qanaxma təhlükəsi yaranır. Ona görə də həmin vaxtdan etibarən abortların ancaq stasionarda aparılmasına icazə var. Hazırda tibb müəssisələrində hamiləliyin dərmanla pozulması üsulu ilə aborta icazə verilmir. “Medikamentos” üsulla abortun aparılması üçün həm klinikanın, həm də həkimin xüsusi lisenziyası olmalıdır. Evdə abortun qadağan edilməsinin bir sıra səbəbləri var. İlk növbədə abortun steril şəraitdə, steril alətlərlə aparılması şərtdir. Evdə abort zamanı qadın heç bir müayinəyə cəlb olunmur. Amma tibb müəssisəsində abortdan öncə qadından müxtəlif viruslara görə analizlər götürülür. Bu da təhlükəli xəstəliklərin abortla yayılmasının qarşısını alır. Tibbi qaydalara görə abort edilən otaq üç dəfə əsas təmizləmədən keçməli, abortdan sonra xüsusi təmizləmə aparılmalıdır. Tibb müəssisələrində abortun 12 həftədən sonra aparılması həkim komissiyasının qərarı ilə rəsmi blankda möhürlə təsdiqlənməlidir. Əgər tibbi göstəriş yoxdursa, heç bir tibb müəssisəsi hamiləliyin 12-ci həftəsindən sonra qanunsuz olaraq abort edə bilməz.

Əgər döl ana bətnində inkişafdan qalıbsa, inkişafı tam dayanıbsa, aborta icazə verilir. Bu məsələdə ananın da səhhəti əsas götürülür. Tibb müəssisəsində abort edən ginekoloq mütləq öncə uşaqlığı zond vasitəsilə müayinə edərək, aləti hansı dərinliyə qədər sala biləcəyini ölçür. Amma evdə abortda bu ölçü aparılmır. Ona görə də naşı, savadsız mamaça aləti salma dərinliyini ölçmədiyindən onu içəri salaraq uşaqlığı deşir. Bəzən evdəki abortlarda nəinki uşaqlığın deşilməsi, hətta bağırsağın da dartılıb çıxardılmasına rast gəlinir. Bu zaman qadının halını təsəvvür belə etmək dəhşətdir. Üstəlik qanaxma da baş verir ki, bu zaman qadın üçün ölüm təhlükəsi yaranır. Həmin vəziyyətdə təcili olaraq, qarın boşluğu açılıb zədələnmiş, deşilmiş yer tikilməlidir ki, qanaxma ölümlə nəticələnməsin. Eyni zamanda abort zamanı mütləq ağrıkəsicilərdən istifadə olunmalıdır. Evdə abortlar ağrıkəsicisiz aparılır ki, bu ağrılar da qadını şoka sala bilər”.

Baş ginekoloq evdə abortların sonsuzluğa gətirib çıxartdığını da söylədi:

“Uşaqlıq divarlarının hamiləlikdən azad olmaq üçün çox qaşınması sonsuzluq yarada bilir. Uşaqlıq tam təmizlənmədikdə qalıq qalar, bu da “matka”nın irinlənməsinə gətirib çıxarda bilir. Bu zaman biz məcburuq ki, belə qadınlarda uşaqlığı tamamilə cərrahi yolla götürək. Çünki irinləmiş septiki uşaqlıqda çürümə baş verir. Bu zaman da qadın ana olmaq şansını birdəfəlik itirir. Ona görə də qadınlar bu cür təhlükələri göz önünə alıb, evdə abortdan imtina etməlidirlər”.

ELÇİN

Yenicag.az

COP29

www.yenicag.az

2619
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv