!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər məlum oldu

!Reklam – Yazi

Nazirlər Kabineti yanında operativ qərargahın tapşırığı ilə COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov bu yardımın nədən ibarət olması haqqında açıqlama verib.

Yenicag.az xəbər verir ki, Nabil Seyidov bildirib ki, bu yardım metodiki tövsiyələr və təşkilatı məsələlərin həll edilməsindən ibarətdir. İşçi qrupunun üzvü poliklinikaların idarə edilməsi üçün Səhiyyə Nazirliyinin verdiyi metodiki tövsiyələr haqqında daha ətraflı danışıb.

Onun sözlərinə görə, evdə müalicə alan xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və əhali tərəfindən müraciətlərin artması nəticəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardımın (TTTY) yüklülüyünün azaldılması məqsədilə Bakı şəhəri üzrə bütün rayonlarda simptomsuz və yüngül simptomlu yoluxmuş şəxslərin aşkarlanması, müayinəsi, laborator testlərdən keçirilməsi və davamlı təqibi üçün müvafiq ilkin səhiyyə müəssisələri artıq müəyyənləşdirilib.

Nabil Seyidov həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən simptomsuz və yüngül simptomlu şəxslərin müayinə və müalicəsinə dair xüsusi metodik tövsiyələr hazırlanıb, poliklinikalara əlavə təlimatlar təqdim edilib.

İşçi qrupunun təmsilçisinin verdiyi açıqlamaya əsasən, Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan tövsiyələrə uyğun olaraq, vətəndaşlar COVİD-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq, müvafiq poliklinikarla əlaqə saxlayacaq. Poliklinikanın mütəxəssisləri tərəfindən vətəndaşın vəziyyəti ilkin olaraq qiymətləndiriləcək və COVİD-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər amillər (məsələn, təmas) dəyərləndiriləcək.

Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə səfər ediləcək və testlər üçün nümunələr məhz orada götürüləcək.

“Ümumiyyətlə, Bakı şəhəri üzrə bütün poliklinikalara verilmiş tövsiyə və təlimatlara əsasən, simptomsuz pasiyentlərin evdə müşahidəsi, yüngül gedişatlı xəstələrin müalicəsi təmin ediləcək. Pasiyentlərin səhhətlərində baş verən hər hansı pisləşmə və ya mənfi dinamika müəyyən edilən kimi onlar poliklinika həkimi tərəfindən təkrar qiymətləndiriləcək. Obyektiv pisləşmə olduqda həmin an hospitalizasiya olunacaq.

Onu da qeyd etmək istəyirəm ki, poliklinikalar COVİD-19-un müalicəsi ilə yanaşı, öz adi fəaliyyətlərini davam etdirir. Yəni, dispanser qeydiyyatı olan digər xəstəliklərlə pasientlər poliklinikalarla telefonla təmas qura, həkimləri ilə əlaqə saxlaya və tələb olunduqda poliklinikaya gəlib, müayinədən keçə bilərlər”, – deyə, Nabil Seyidov bildirib.

Lakin xüsusi işçi qrupunun üzvü Nabil Seyidov hazırda koronavirusa yoluxma riskinin artdığı vəziyyətdə vətəndaşların digər məsələlərlə bağlı poliklinikaya gəlişlərinin məhdudlaşdırılmasını məqsədəuyğun hesab edir. Testlərin yalnız göstərişlərə uyğun olaraq aparılacağını bir daha xatırladan Nabil Seyidov vətəndaşların öz poliklinikalarına zəng etməklə COVİD-19 infeksiyası və onun profilaktikası, habelə evdə müşahidə və müalicə ilə bağlı müvafiq məlumat və təlimat əldə edə biləcəyini qeyd edib.

COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov verdiyi müsahibəni bu sözlərlə bitirib:

“Bütün bu tövsiyələrin yerinə yetirilməsi nəticəsində ilkin səhiyyə xidməti olan poliklinikalar COVİD-19 xəstələrinə daha yaxşı tibbi yardım göstərməyə cəlb edilmiş olacaq, TTTY-nin yüklənməsi azalacaq və vətəndaşlarımıza COVİD-19 pandemiyası dönəmində tələb olunan tibbi xidmətin göstərilməsi davam etdiriləcək”.

COP29

www.yenicag.az

687
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv