“Hazırda Azərbaycanın siyasi həyatında hər hansı ciddi problemlərin olduğuna dair iddialar doğru deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə baş verən son dəyişikliklər fonunda siyasi açılımın mümkünlüyünü dəyərləndirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Fəzail Ağamalının fikrincə, ölkədə siyasi açılımı şərtləndirən durum yoxdur:
“Ölkədə bütün sahələrdə olduğu kimi, siyasi arenada da ölkə prezidenti ilə siyasilər, partiyalar arasında normal münasibətlər var.
Əgər siz radikal müxalifəti nəzərdə tutursuzsa, onlar Azərbaycan siyasətini və siyasi mühitini müəyyənləşdirən gücə-imkana malik deyillər.
Onların müxalifət olaraq niyyəti dövlətçiliyimizə töhfə vermək yox, ölkədə qarşıdurma və xaos yaratmaqdır.
O ki qaldı digər partiyalara, onlarla bağlı nə problem var ki, siyasi açılıma getmək zərurəti ortaya çıxsın? Kim necə istəyir, fəaliyyət göstərir, yığışıb hərəkat yaradırlar, Milli Məclisdə təmsil olunan partiyaların rəhbərləri öz fikirlərini hər zaman bildirirlər və sair.
Bu səbəbdən, düşünmürəm ki, Azərbaycanda siyasi açılıma ehtiyac var. Hazırda Azərbaycanın siyasi həyatında hər hansı ciddi problemlərin olduğuna dair iddialar doğru deyil”.
A.Zeynalov
www.yenicag.az