Azərbaycanda vahid iqtisadi sistemin bərpası: “Ərazilərimizin işğaldan azad edilməsi fonunda…” – Professorun ŞƏRHİ
“Topraqların işğaldan azad olunması mövcud şəraitdə milli iqtisadiyyatımızın rəqabət baxımından, ciddi inkişafına zəmin yaradacaq”.
Bu fikirləri işğaldan azad olunan ərazilərimizin ölkənin iqtisadi inkişafına mümkün təsirlərini dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.
Elşad Məmmədovun sözlərinə görə, Ermənistanın işğalından azad olunan Azərbaycan ərazilərinin ölkənin vahid iqtisadi sisteminə daxil olması iqtisadi inkişafa güclü təkan verəcək:
“Çünki Azərbaycanın iqtisadi potensialı ölkənin ərazisindən xeyli dərəcədə böyük olsa da, qeyri-mütənasiblik var. Bu qeyri-mütənasibliyin aradan qaldırılması üçün işğaldan azad olunmuş torpaqlarımızın iqtisadi sistemə daxil olması vacibdir.
Topraqların işğaldan azad olunması mövcud şəraitdə milli iqtisadiyyatımızın rəqabət baxımından, ciddi inkişafına zəmin yaradacaq. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə innovativ sahələrin inkişafına nail olmaq lazımdır. Çünki müasir dünya iqtisadiyyatında innovativ sahələr ön plandadır.
Azərbaycanın sözügedən ərazilərində kənd təsərrüfatının inkişaf etdirilməsi də məqsədəuyğundur. Ən mühüm məqamlardan biri odur ki, kənd təsərrüfatında aqrar sənayenin, yüksək texnoloji sahələrin inkişafına üstünlük verilməlidir.
Regional inteqrasiya sayəsində bu sahələrin inkişafı ölkənin qeyri-xammal ixrac potensialını gücləndirə və bununla yanaşı, ölkədə reallaşdırılan idxalın əvəzolunması siyəsəti fonunda daxili və istehlak bazarı yerli məhsullarla təmin edilə bilər”.
Gülşən Şərif