Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.
Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi üçün sistemli və kompleks tədbirlər həyata keçirilir. Son illərdə qlobal iqtisadi çağırışlara uyğun olaraq bu istiqamətdə aparılan, dövlətin və cəmiyyətin maraqlarının qorunmasına yönəlmiş genişmiqyaslı tədbirlər nəticəsində, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə maliyyə sistemindən istifadə olunması imkanlarını istisna edən şəraitin, hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması üçün hüquqi mexanizmin yaradılması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə olunub.
Azərbaycan yeni beynəlxalq çağırışları nəzərə alaraq, ölkədə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı risk əsaslı mübarizə sisteminin çərçivəsini müəyyənləşdirmək üçün risklərin qiymətləndirilməsi layihəsini həyata keçirib, beynəlxalq təşəbbüslərə və əməkdaşlığa mühüm töhfələr verib. Ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, hesabatlılıq sisteminin yaradılması, qabaqcıl texnologiyanın tətbiqi sahəsində əldə edilmiş nailiyyətləri Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi yüksək dəyərləndirib.
Maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası və beynəlxalq əlaqələrin genişlənməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində də nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni hədəflər müəyyən edib.
Göstərilən hədəflərə nail olmaq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə dövlət qurumlarının potensialının gücləndirilməsini və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılmasını, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılmasını, beynəlxalq əməkdaşlığın genişləndirilməsini zəruri edir.
Fərmanda qeyd olunur ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tələblərə riayət olunması mexanizmini təkmilləşdirmək, nəzarət orqanının potensialını gücləndirmək, aidiyyəti dövlət orqanları və qurumlarının fəaliyyətinin əlaqələndirilməsində səmərəliliyi daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılsın.
Müəyyən edilir ki, Maliyyə Monitorinqi Xidməti (bundan sonra – Xidmət) Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.
Azərbaycan Prezidenti Administrasiyası Xidmətin nizamnaməsinin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.
Xidmətdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:
Azərbaycan Respublikasının Prezidentinə:
– “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;
Xidmətə:
– inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
Nazirlər Kabinetinə Xidmətin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xidmətin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etmək, Maliyyə Bazarlarına Nəzarət Palatasının Xidmətin fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Xidmətin istifadəsinə verilməsi ilə bağlı tədbirlər görmək və bu barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
www.yenicag.az