Azərbaycanın çörəyini yeyib, orucunu Qum saatı ilə açanların sükutu… - Aqil Ələsgər yazır

media-hightechnic-468x90

Məşhur “Ezel” serialının Ramiz dayısının gözəl bir sözü vardı. Deyirdi ki, məsələ ölmək deyil, dost əli ilə ölməkdir məsələ. İndi Naxçıvana atılan dron sadəcə bir hərbi məsələ deyil.

media-banner_tkm

Bu, həm də bir imtahandır. Kim harada dayanır, kim hansı tərəfdədir, kim danışır, kim susur  hamısını göstərən bir imtahan. Özdəmir Asafın dediyi kimi, “sonra çəkildim bir kənara, seyr etdim olan-bitəni. Baxdım mən kimdə nə qədərəm, kim məndə nə qədər qalıb”.

Bəli, bu gün əslində seçim anıdır. Kimin içində nə qədər Azərbaycan qaldığının göründüyü zamandır. Kim dövləti üçün səsini mərceyi-təqlidinin torpağına qarşı qaldıracaq, kimlər susacaq, bu günlərdə bəlli olur.

Fakt ortadadır. Azərbaycanın ərazisi hədəfə alınıb. Naxçıvan istiqamətinə dron atılıb və bu dron İran tərəfdən gəlib. Bunun izahını müxtəlif cür vermək olar, müxtəlif siyasi versiyalar səsləndirilə bilər. Amma əlahəzrət həqiqət dəyişmir: Azərbaycanın torpağına qarşı hücum olub.

Bu isə artıq sadəcə diplomatik, siyasi məsələ deyil. Bu, milli məsələdir.

Azərbaycan dövləti bu məsələdə mövqeyini açıq şəkildə ifadə etdi. Ölkə rəhbərliyi bildirdi ki, Azərbaycan qonşularla normal münasibət tərəfdarıdır. Hətta ən gərgin vaxtlarda belə humanitar jestlər edilib, İran vətəndaşlarının təxliyəsinə kömək olunub, münasibətlərdə sivil xətt qorunub.

Amma bütün bunların qarşılığında nə gördük?

Naxçıvana dron hücumu.

Yəni, namərdlik, nakişilik, şərəfsizlik… Və cənab Prezident hər üç ifadəni açıq tekstlə dedi – Paşinyana 2020-ci ildə barmaq silkələdiyi ritorika ilə, hətta ondan da sərt. Lakin bu hadisənin ortaya çıxardığı daha acı bir mənzərə də var: İrana qarşı sükut.

Xüsusilə də dini çevrələrin sükutu. Hacılar, kəbleyilər, məşədilər adlarının önündə bu titulları daşıyanların səsi gəmir. Hər məsələdə hökm verənlər, hər mövzuda dərhal dini mövqe açıqlayanlar, əllaməlik edənlər yoxa çıxıblar.

Məclislərdə vətəndən danışmaq asandır. Mikrofon qarşısında iman, əxlaq və şəhidlik haqqında böyük sözlər demək də çətin deyil. Şəhid cənazələrində sinə döymək də o qədər zəhmətli iş deyil. Amma məsələ real mövqeyə gələndə, dananın quyruğu qopur. Açığı, dananın, yoxsa Amilinin şirinin quyruğu qopur, sual altındadır.

Sanki dilləri tutulur.

Niyə?

Nə üçün mövzu İran olan kimi bu qədər ehtiyatlı davranırlar? Niyə ən sadə cümləni demək bu qədər çətin olur: “Azərbaycanın ərazisinə dron atmaq doğru deyil”.

Axı bu, nə müharibə çağırışıdır, nə də başqa bir şey. Bu, sadəcə vətəndaş mövqeyidir.

Əgər bir insan bu ölkədə yaşayırsa, bu ölkənin çörəyini yeyirsə, bu ölkənin vətəndaşı kimi hörmət görürsə, ən azı bir prinsip olmalıdır: Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil.

Amma qəribə bir mənzərə ortaya çıxır.

Bəzi din adamları təkcə din adamları deyil, ictimai-siyasi şəxslər, jurnalistlər, aktivistlər Azərbaycanın çörəyini yeyib, oruclarını Qum saatı ilə açırlar.

Başqa mövzularda çox cəsarətli görünənlər bu məsələdə ehtiyatlı olurlar. İsrail İranı vuranda dərhal danışırlar. Etiraz edirlər, bəyanatlar verirlər. Amma Azərbaycana atılan dron haqqında susurlar.

Bu, ilk dəfə də deyil. Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı zamanı da eyni mənzərə yaşandı. Diplomatik nümayəndəliyimizdə qan töküldü, insanımız həyatını itirdi.

O zaman da eyni sükut vardı.

Yenə eyni çevrələr susdu.

Yenə eyni adamlar danışmadı.

Amma sosial şəbəkələrə baxanda görürsən ki, başqa mövzularda çox fəaldırlar. Ramazan ayında canlı yayımlar açılır, saatlarla mübahisələr aparılır. Tüpürcəyi udmağın orucu pozub-pozmaması müzakirə edilir, misvakın hökmü izah edilir, fiqhi incəliklər uzun-uzadı danışılır.

Amma vətənə atılan dron haqqında bir cümlə belə danışılmır.

Halbuki illərlə minbərlərdən bir cümlə səsləndirilib: “Vətəni sevmək imandandır”. Dini bu qədərmi boğazdan yuxarı oxuyur və danışırsınız? Yoxsa sizin ayrı vətəniniz var, biz bilmirik?

Belə görünür ki, bəziləri üçün bu cümlə sadəcə məclislərdə işlədilən gözəl bir ifadə imiş.

Çünki həqiqi imtahan gələndə söz yoxa çıxır.

Naxçıvana atılan dron da sadəcə sərhədi yoxlamadı.

O, həm də vicdanları yoxladı.

Və bu imtahandan kəsilənlər məhz Azərbaycanın çörəyini yeyib, orucunu Qum saatı ilə açanlar oldu…

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05