!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın yaşıl inkişaf yolu: Heydər Əliyevin ekoloji baxışı

!Reklam – Yazi

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Azərbaycanın ətraf mühitinin və təbiət sərvətlərinin qorunmasına xüsusi diqqət yetirirdi. Onun rəhbərliyi dövründə ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində bir çox mühüm addımlar atılmış, gələcək nəsillərə təmiz və sağlam ətraf mühitin ötürülməsi məqsədilə müxtəlif layihələr həyata keçirilmişdir.

Heydər Əliyev ekologiyanı milli dəyər kimi qəbul edir və onun qorunmasının Azərbaycan xalqının sağlamlığı və rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayırdı. Ümummilli liderin sözləri ilə desək “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir”. Bu ifadə təbiətə olan sonsuz sevgisinin və ekologiyaya verdiyi dəyərin ən aydın nümunəsidir. O, hesab edirdi ki, hər bir vətəndaş təbiətə diqqət və qayğı ilə yanaşmalı, təbiət sərvətlərinin qorunmasını özünə borc bilməlidir.

Heydər Əliyev Azərbaycanda ekoloji mühitin qorunması və yaxşılaşdırılması üçün müxtəlif dövrlərdə bir çox Dövlət proqramlarını təsdiq etmişdir.

Azərbaycanın ətraf mühitinin və təbiət sərvətlərinin qorunması tarixində əlamətdar iz qoyan Ümummilli lider Heydər Əliyev ekologiyanın milli rifahın və gələcək inkişafın əsasını təşkil etdiyini vurğulayırdı. Onun ekoloji siyasəti müasir Azərbaycan ekoloji hərəkatının təməlini qoymuş və ölkənin yaşıl inkişaf yolunda atdığı hər bir addımı formalaşdırmışdır.
Heydər Əliyev üçün təbiət, sadəcə məkan deyil, milli miras idi və Ulu öndər təbiətə olan sevgisini müxtəlif cür ifadə etməklə insanı təbiətin bir parçası sayır və təbiətə qarşı vurulmuş ziyanı məhz öz şəxsinə yönəlmiş hesab edirdi.
Ekoloji siyasətin əsasları və Heydər Əliyevin ilk addımları:

Ümummilli lider hələ sovetlər dönəmində hakimiyyətdə olduğu vaxtlarda – 1970-ci illərdə Azərbaycanın milli parklarının və qoruqlarının yaradılması istiqamətində fəaliyyətə başlamış, Xızı və Quba rayonlarında unikal təbiət abidələrinin qorunmasına dəstək olmuşdur. 1980-ci illərin ortalarında isə Ümummilli liderin təşəbbüsü ilə ekoloji problemlərin həlli üçün elmi araşdırmalar genişləndirilmişdir. Bu sahədə önəmli addımlardan biri də Azərbaycanın ətraf mühitin mühafizəsi üzrə ilk qanunvericilik bazasının olmasıdır.

Həmin illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda təbii sərvətlərinin qorunması dövlətin öncül vəzifələrindən biri kimi müəyyən edildi. Onun təşəbbüsü ilə geniş miqyasda yaşıllaşdırma və ətraf mühitin mühafizəsi layihələri həyata keçirildi. İlk olaraq, Azərbaycanın təbii sərvətlərini, fauna və florasını qorumaq məqsədilə qoruqlar və milli parklar yaradıldı. Bu tədbirlər Azərbaycanın zəngin təbii ehtiyatlarının nəsildən-nəslə ötürülməsini təmin etməklə yanaşı, ekosistemin tarazlığını da qorumağa xidmət edirdi.

Ulu öndər Heydər Əliyev həmin dövrdə Azərbaycanın ekoloji vəziyyətinin ağırlaşmasını xüsusi diqqətə alaraq ətraf mühitin qorunmasını zəruri dövlət siyasəti kimi qəbul etdi. Onun təşəbbüsü ilə Azərbaycanın müxtəlif bölgələrində qoruqlar yaradıldı, Xızı və Quba ərazilərində təbiət abidələri qoruma altına alındı. Heydər Əliyevin uzaqgörənliyi sayəsində həmin dövrdə yaradılan Şirvan, Göygöl və Hirkan qoruqları bu gün də ölkəmizin milli sərvətləri kimi qorunur.

Ekologiyanın hüquqi bazasının yaradılması və islahatlar

1980-ci illərdə Ümummilli lider ekologiyanın hüquqi bazasının formalaşdırılmasını vacib hesab edərək bu istiqamətdə mühüm islahatlar həyata keçirdi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ilk ekoloji qanunvericilik yaradıldı. Bununla, ətraf mühitin qorunması, yaşıllıqların mühafizəsi və təbii ehtiyatların düzgün istifadəsinə dair tənzimləmələrin təməli qoyuldu. Azərbaycanda ekologiya sahəsində aparılan hüquqi islahatlar bu gün də ölkənin dayanıqlı inkişafı və ətraf mühitin mühafizəsi üçün mühüm baza kimi xidmət göstərir.

Heydər Əliyevin ekoloji fəlsəfəsi və cəmiyyətə mesajı:

Ulu öndərin ekologiyaya yanaşması təkcə qanunvericilik bazasının yaradılması və Dövlət proqramlarının icrasından ibarət deyildi, Onun ekoloji fəlsəfəsi milli şüura təsir etməyi, cəmiyyətdə təbiətə hörmət ruhunu formalaşdırmağı hədəfləyirdi. O, daim vurğulayırdı ki, təbiət bizim milli sərvətimizdir və hər bir vətəndaş onun qorunmasına məsuliyyətlə yanaşmalıdır.

“Azərbaycanın hər qarışı mənim üçün müqəddəsdir” deyən Heydər Əliyev təbiətin qorunmasının vacibliyini təkcə rəhbər kimi deyil, xalqın nümayəndəsi olaraq da diqqətə çatdırırdı.

Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən ekoloji siyasət və sosial təşəbbüslər Azərbaycanın təbii sərvətlərinin gələcək nəsillər üçün qorunmasını təmin edən addımlardan idi. Onun təbiətə verdiyi dəyər bu sahədə qəbul edilən qərarların strateji əhəmiyyətini bir daha göstərir və onun ekologiyaya dərin və uzaqgörən baxışını əks etdirir.

Ekoloji sabitlik və yaşıl gələcək: Heydər Əliyevin mirası:

Azərbaycanın ətraf mühitinin qorunması və ekoloji sabitliyin təmin olunması mövzusu Ümummilli lider Heydər Əliyevin siyasətində əhəmiyyətli yer tuturdu. Təbiətə qayğı göstərmək ekoloji mühitin sağlamlaşdırılması və yaşıl gələcəyə təminat vermək Heydər Əliyevin siyasi iradəsinin əsas prinsiplərindən biri idi. Onun ekoloji sahədə qoyduğu miras gələcək nəsillər üçün qiymətli bir örnək və rəhbərlik yoludur. O, həmçinin hər bir vətəndaşı bu milli məqsədə qoşulmağa çağırır, insanla təbiəti harmoniyada götürməklə onlara kompleks münasibət bəsləyir, bu cür münasibətlə o, təbiətə qarşı duyduğu dərin sevgi və qayğını vurğulayırdı.

Heydər Əliyevin ekologiyaya yanaşması və ilk islahatları:

Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın ekoloji siyasətinin əsasları formalaşmış və ölkədə geniş ekoloji islahatlar həyata keçirilmişdir. 1970-ci illərin əvvəllərində onun təşəbbüsü ilə Azərbaycanda təbiət abidələrinin və qoruqların yaradılması istiqamətində genişmiqyaslı addımlar atılmışdır.
Dahi rəhbərin ekoloji siyasətində bir əsas prioritet təbii sərvətlərin xalqın rifahı üçün qorunmasını təmin etmək idi. Bu yanaşma ilə o, Azərbaycanın gələcəkdə ekoloji böhranlardan qorunması və ətraf mühitin dayanıqlığının təmin olunması istiqamətində ilk addımlar atdı. O, ekologiyanı dövlət siyasətinə çevirmək və xalqı ətraf mühitin qorunması ilə bağlı maarifləndirmək məqsədini güdürdü.

Ekoloji qanunvericilik və hüquqi əsasların təməli:

1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə ekologiya sahəsində geniş islahatlar həyata keçirildi və ölkənin ətraf mühitə dair qanunvericilik bazası formalaşdırıldı. Heydər Əliyev Azərbaycan ekosisteminin və təbii sərvətlərinin qorunması üçün hüquqi bazanın yaradılmasının əhəmiyyətini başa düşərək ətraf mühitin mühafizəsinə dair qanunvericiliyi təmin etdi. Bu hüquqi çərçivə Azərbaycanın ekoloji sabitlik və təbii ehtiyatların mühafizəsi istiqamətində gələcək addımlarını müəyyən edən əsas təməl rolunu oynadı.

Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Sağlam ətraf mühitdə yaşamaq hüququ öz əksini tapmışıdr. Əsas qanunun 39-cu maddəsində deyilir:

Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
Heydər Əliyevin bu məzmunda qəbul etdiyi qanuna cənab İlham Əliyevin Prezidentlik dövründə aşağıdakı tarixdə 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 3, maddə 158) ilə 39-cu maddəyə yeni məzmunda III və IV hissələr əlavə edilmişdir.

Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.

Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.
Referendumla əlavə edilən III və IV maddələr bu Konstitusiyaya edilmiş əlavələr ekoloji hüquqların əhatə dairəsini daha da genişləndirməklə ətarf mühitin tarazlığının qorunmasını özündə ehtiva edir.

Həmin dövrdə qəbul edilən qanunlar Azərbaycanın ekoloji sabitliyinin qorunması üçün vacib baza rolunu oynadı və bu gün də ölkənin dayanıqlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Ümummilli liderin ekoloji sahədə yaratdığı hüquqi əsas təbii resursların qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə tətbiq olunan genişmiqyaslı tədbirlərin təməlini təşkil edir.

Cəmiyyətin maarifləndirilməsi və ekoloji dəyərlərin təbliği:

Heydər Əliyev təbiətin qorunmasını təkcə dövlət siyasətinin deyil, həm də milli dəyərin bir hissəsi olaraq qəbul edirdi. Onun cəmiyyətdə təbiətə hörmətin artırılması və xalqın ekoloji məsuliyyətinin gücləndirilməsi istiqamətində apardığı təbliğat fəaliyyəti geniş əks-səda doğururdu. Xalqı təbiətə və ətraf mühitə qayğı ilə yanaşmağa çağıraraq o, təbiəti qorumağın həm milli, həm də mənəvi borc olduğunu vurğulayırdı. O qısa lakonik fikirlərlə cəmiyyətin bütün üzvlərini təbiətə hörmətlə yanaşmağa səsləyirdi.

Prezident İlham Əliyevin ekoloji siyasəti: Yaşıl gələcəyin inkişafı

Heydər Əliyevin ekoloji siyasətinin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ekoloji sabitlik və təbii ehtiyatların qorunmasını prioritet kimi qəbul etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yaşıl inkişafı və təbiət mühafizəsi sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Bu işlər Azərbaycan xalqının təbiətə olan bağlılığını, ölkəmizin yaşıllaşdırma və ekoloji inkişaf sahəsində apardığı siyasətin uğurunu bir daha göstərir.

Heydər Əliyevin ekologiya sahəsindəki strategiyası müasir Azərbaycanın ekoloji siyasətinin əsası olmuşdur. Ümummilli liderin əsasını qoyduğu ekoloji siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycanın dayanıqlı inkişafını təmin etmək və yaşıl iqtisadiyyatı inkişaf etdirmək məqsədilə ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir. O, ekologiyanın inkişafını milli prioritet olaraq qəbul edərək, Azərbaycanda yeni milli parkların və qoruqların yaradılmasına dəstək vermiş, milli ekoloji layihələrin icrasına təkan vermişdir.

Həmçinin qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri də ekologiya və təbiət mühafizəsi sahəsində böyük əhəmiyyət kəsb edir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə ətraf mühitin qorunması, yaşıllaşdırma və ekoloji maarifləndirmə sahəsində müxtəlif layihələr həyata keçirir. Mehriban xanım Əliyevanın dəstəyi ilə keçirilən “Yaşıl Marafon” kimi genişmiqyaslı layihələr əhalinin ekoloji məsuliyyətini artırmağa və yaşıllıq ərazilərinin genişləndirilməsinə xidmət edir. Bununla yanaşı, Fondun ölkə daxilində müxtəlif təbiət abidələrinin bərpası, ekoloji maarifləndirmə və ictimaiyyətin təbiətə diqqətini artırmaq üçün təşkil etdiyi tədbirlər də Azərbaycanın ekoloji davamlılığının təmin edilməsində mühüm rol oynayır.

2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi isə Azərbaycanın ekoloji problemlərin qlobal həllinə töhfə vermək niyyətini göstərir. Prezident İlham Əliyev Ulu öndərin ekologiya sahəsində qoyduğu mirası qorumaqla yanaşı, Azərbaycanı ekoloji dayanıqlıq və yaşıl iqtisadiyyat sahəsində lider ölkələrdən birinə çevirməyi hədəfləyir. Bu tədbirlər Azərbaycanın ekoloji və iqtisadi inkişafının bir-birini tamamlayan iki mühüm sütun olduğunu göstərir. Heydər Əliyevin ətraf mühitə olan sevgisi və onun qoyduğu miras, Azərbaycan xalqının gələcək nəsillərə yaşıl bir ölkə miras qoyma hədəfinin əsasını təşkil edir. Azərbaycanın ekoloji siyasəti təbiətə qarşı məsuliyyətin, milli dəyərlərin və dayanıqlı inkişafın harmonik birləşməsidir.

Günay Qurbanova,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri

 

COP29

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv