Azərbaycanlı nazirlərin fərqli bəyanatları: Koordinasiya problemi, yoxsa..?

“Həm Zakir Həsənov, həm də Elmar Məmmədyarov Azərbaycanın mövqeyini konkret kontekstlərdə ifadə ediblər”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində müdafiə naziri Zakir Həsənovun AzTV-yə müsahibəsində və xarici işlər naziri Elmar Məmmədyarovun Brüsseldə səsləndirdirdikləri fikirlərdə nəzərə çarpan ziddiyyətli məqamlara münasibət bildirən millət vəkili Fəzail Ağamalı deyib.

Başa çatmaqda olan həftənin ilk günlərində 2016-cı ilin uğurlu Aprel döyüşlərinin ildönümü qeyd olundu və fonda fərqli fikirlər səsləndirildi. Bu çərçivədə diqqəti çəkən əsas məqam müdafiə naziri general-polkovnik Zakir Həsənovun AzTV-yə müsahibəsində Ermənistan müdafiə naziri David Tonoyanın Azərbaycana yönəlik müharibə təhdidlərinə təsirli cavab verməsi oldu. Azərbaycanın müdafiə nazirinin seçdiyi ritorika ictimaiyyətdə də rəğbətlə qarşılandı:
“O, boş-boş danışır və artıq erməni xalqı da onlara inanmır. Bunlar hamısı boş söhbətlərdir. Hücuma keçsəydilər, mən onunla İrəvanda görüşərdim. Lakin onların hücuma keçməyə imkanları yoxdur. Bütün imkanlarını yığsalar, aprelin dörd-beş qatı olacaq. Mən bunu arzulayıram və gözləyirəm”.

Lakin bu müsahibədən cəmi bir neçə gün sonra Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasından sonra mətbuat konfransı keçirən xarici işlər naziri Elmar Məmmədyarov tamam fərqli ritorika seçərək, ciddi təəccübə səbəb oldu:
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflər nifrəti necə azaltmağın yollarını axtara bilər. Biz insanlar arasında münasibətlərin yaranması, məzarların ziyarət edilməsi, hətta jurnalistlərin oradan yaxşı reportajlar hazırlaması ilə bağlı fikirləri qəbul edirik.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər şey müzakirə edilə bilər. Lakin bir şey dəqiqdir ki, hərbçilər geri çəkilməlidir. Nə qədər ki, hərbçilər üz-üzədir, bu, nizamlanma əvəzinə problem yaradır”.

Müdafiə və xarici işlər nazirlərinin çıxışlarındakı bir-birindən ciddi şəkildə fərqlənən bu yanaşmalar ictimaiyyətdə də müəyyən suallar doğurub.
Bu barədə Yenicag.az-a danışan millət vəkili Fəzail Ağamalının sözlərinə görə, hər iki nazir öz funksiyaları çərçivəsində fikir bildiriblər:
“Müdafiə naziri Zakir Həsənov dövlət televiziyasına müsahibəsində öz statusuna uyğun danışıb və müharibənin başlayacağı təqdirdə, Ermənistanın müdafiə naziri ilə İrəvanda görüşə biləcəyini deyib.

Bu, təqdir olunası xəbərdarlıqdır və Zakir Həsənovun bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin həllinə yönəlik mövqeyinə uyğundur.

Eyni zamanda, Elmar Məmmədyarovun Brüsseldə səsləndirdiyi fikirlər də dövlət başçısının mövqeyindən qaynaqlanır. Onun “qoşunların təmas xəttindən çəklilməsinin vacibliyi” haqda dediklərində isə təbii ki, Ermənistan ordusu nəzərdə tutulur”.

A.Zeynalov