!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı rəssam: "Səttar Bəhlulzadənin tablosunu satıb..."

!Reklam – Yazi

Uzun müddətdir Türkiyədə fəaliyyət göstərən, əslən Borçalıdan olan rəssam Teymur Ağalıoğlu Yenicag.az-a müsahibə verib.

– Təbii ki, oxucularımız ilk növbədə sizin kim olduğunuzla maraqlanacaq…

– Mən Borçalı türküyəm. 1953-cü ildə orada doğulmuşam. Əvvəlcə Bakıda Əzim Əzimzadə adına rəssamlıq məktəbində oxudum, daha sonra isə Tiflis İncəsənət Akademiyasında təhsil aldım. Uşaqlıq illərimdən sənətə qarşı böyük bir marağım vardı. Hələ orta məktəbdə oxuyarkən Azərbaycanın dahi rəssamı Səttar Bəhlulzadənin yaşadığımız bölgəyə gələrək, təbiət mənzərələri çəkdiyinə dəfələrlə şahid olmuş, onun möcüzəvi yaradıcılığından çox təsirlənmişdim. Azərbaycanımızın digər məşhur rəssamları da doğulub-böyüdüyüm yerlərə tez-tez gələr, daim onlardan nələrsə öyrənməyə çalışırdım. Mənim 1990-cı ilin ortalarına qədər olan yaradıcılığım Azərbaycan və Gürcüstan sənətçilərinin ümumi cizgilərini əks etdirir. 1990-cı illərin ortalarından sonra rəsmlərimi Türkiyə incəsənətinin böyük təsiri altında çəkmişəm.

– O vaxtdan etibarən Türkiyədə fəaliyyət göstərməyə başlamısız?

– Bu, taledir. Türkiyə də mənim vətənimdir. 90-cı illərin ortalarında Ankaraya köçdükdən bir müddət sonra Türkiyə vətəndaşlığını aldım. Mənim üçün qürurverici bir hadisə idi. Türkiyədə özümü daha sərbəst ifadə etməyim üçün bütün imkanlar var. İndiyə qədər burada 40-dan çox şəxsi sərgim keçirilib. Qatıldığım qrup sərgilərinin sayını isə itirmişəm. Əsərlərim dövlət və özəl muzeylər, qalereyalar tərəfindən alınır. Ankarada təsis etdiyim sənət atelyesinin 50-dən çox davamçısı var. Ordakı bir sənət qalereyasının şəriki olaraq rəsm bazarından öz qalereyamıza pay ala bilirik. Türkiyədə mülkiyyət hüquqları və sağlam rəqabət prinsipləri yüksək səviyyədə qorunur.

– Daha sonra İstanbula köçdüyünüz barədə məlumatımız var. Sizin üçün Ankaranın rəsm bazarı kiçik idi?

– Əslində, bu məsələyə rəsm bazarı yox, yaradıcılıq istiqamətindən baxmağımız daha düzgün olardı. İstanbulun sənət mühitini Paris, Sankt-Peterburq, Amsterdam, Milan və digər şəhərlərlə müqayisə edə bilərik. Bu səbəbdən də istərdim ki, İstanbula köçməyimi daha zəngin bir sənət mühitinə qoşulmaq istəyimlə əlaqələndirəsiz. Onsuz da İstanbulun sənət dünyası mənə yad deyildi, dəfələrlə burada sərgi keçirtmişdim. Buraya gələn kimi Tophanedə sənət atelyemi açdım, sonra davamçılarımı qəbul etdim. Bu söhbətimizi də şəxsi sərgimdə aparmağımız mənim üçün çox böyük əhımiyyətə malikdir. İstanbulda əsas hədəfim Avropa və Uzaq Şərqə çıxmaq, əsərlərimi oradakı sənətsevərlərə təqdim etməkdir. Bunun üçün müxtəlif ölkələrdən dəvətlər alıram, dünya səviyyəli sərgilər açmağa hazırlaşıram. Qeyd edim ki, bunu Türkiyədə həyata keçirtmək daha asandır. Niyə? Çünki Türkiyədə sərbəst bazar güclüdür və əsərlərimizi burada və dünya bazarında baha qiymətə sata bilirik. Məsələn, 2009-cu ilin payızında Burhan Doğançayın “Mavi simfoniya” adlı əsərini “Ülkər qrupu”na 1,5 milyon dollara satmağımız bir anda bütün dünyanın diqqətini çəkdi. Bunun ardınca Erol Akyavaşın da tablosunu eyni qiymətə satdıq. Türkiyə zənginləşdikcə insanların sənət əsərlərini almağa marağı artır.

– Sizin kolleksioner olduğunuzu da bilirik. Hətta Səttar Bəhlulzadənin şəxsi kolleksiyasında olan bir tablonu satmağınızdan da xəbərimiz var. Bu ehtiyac nədən doğdu?

– Bəhlulzadənin o əsərini Borçalıda bir nəfərdən almışdım. Bəhlulzadə rəsm çəkmək üçün gələndə onun evində qalırdı, tablonu da ona hədiyyə etmişdi. Mən də əsəri alıb, Türkiyəyə gətirdim. Sonra bəzi maddi sıxıntılar yarandı, ona görə həmin tablonu satmağa məcbur oldum. Hazırda kolleksiyamda azərbaycanlı rəssamların bir çox əsərləri var və onları da satmaq niyyətim yoxdur. 1980-ci ildən etibarən, Azərbaycandan Türkiyəyə çox qiymətli tablolar gətirilib. İndi o rəssamların tabloları dünya çapında dəyər qazanıb. Buna görə də Azərbaycan o əsərlərin katoloqunu yayımlamalıdır. Belə bir niyyətləri olsa, mən də kömək edərəm. İstərdim ki, Azərbaycan rəssamlarının Türkiyədə olan tabloları Mədəniyyət Nazirliyi tərəfindən alınsın. Onlar Azərbaycanın ən qiymətli sərvətinə bərabər olan əsərlərdir”.

COP29

www.yenicag.az

3479
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv