İnsanların əksəriyyəti pandemiya dönəmində dayandırılan ölkələrarası uçuşlar bərpa edildikdən sonra xaricə səfər etməyə çəkinirlər. Təbii, bunun başlıca səbəbi sağlıq olsa da, maddi imkan tərəfini də unutmamaq lazımdır.
Ancaq təsadüfdən, ya bəxtimdənmi bilmirəm, ilk xarici səfərim də məhz pandemiya dönəminə düşdü. Bugünlərdə Türkiyədəyəm. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə hal-hazırda İstanbuldayam. Ölkə vətəndaşları üçün pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağalar tətbiq edilsə də, bu qısıtlamalar turistlərə şamil edilmir. Yəni gigyenik qaydalara əməl edərək rahatlıqla Türkiyəyə səfər edə bilərsiniz.
Çox uzatmadan keçim əsas mətləbə. İstanbulu gəzərkən şəhərin tarixi və turistik məkanları ilə yanaşı ara küçələrində də oldum. Burada binaların divarlarının, qapıların və müxtəlif obyektlərin üzərinə çəkilmiş qrafitilərə, həqiqətən, heyran qaldım. Rəsmlərin gözəlliyi ilə yanaşı bütün küçəni əhatə edən rəng ahəngi insanı başqa dünyaya, küçədən sənətə və ya sənətin “məkan”ına endirir.
Rənglərdən istifadə edərək öz dünyalarını divar üzərinə çəkənlərin aləminə nəzər saldıqda anlaşılmazlığın və qeyri-müəyyənliyin, bəzən isə heç başa düşmədiyin dildə yazılmış sözlərin cəlbediciliyinə qapılıb “İstedad!” deyirsən. İstedad isə düşüncədən qaynaqlanır. Yəni “küçə sənəti” ifadəsini aşağılayıcı fikir kimi qavramaq lazım deyil, çünki sənətin gəldiyi yer küçədir, onu var edən isə divarlar.
Yaşadığı binanın, evinin, mağazasının üzərinə qrafiti çəkilmiş şəxslərin də düşüncəsi eynidir: Gözəllikdir.
Rəngli pillələrin sehrindən isə heç danışmıram.
Bakıda bu sənətin “divarı korlamaq” kimi başa düşülməsi isə çox üzücüdür. Anlaşılan odur ki, paytaxtımıza İstanbul havası lazımdır.
Sizləri isə fotolarla baş-başa buraxıram:
Aqil Bəkir / İstanbul
www.yenicag.az