Bakı bir daha İrəvana ÇAĞIRIŞ ETDİ: “Həmin revanşist qüvvələr Ermənistanı yenidən uçuruma aparmaq istəyirlər”
“Belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi böyük uğurdur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.
O, bu gün Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən VII ADA Siyasi Forumu haqqında öz fikirlərini bölüşüb:
“İlk növbədə, biz xüsusi vurğulamalıyıq ki, bu cür qlobal və beynəlxalq xarakter daşıyan tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Azərbaycan bu cür tədbirləri keçirməklə, xüsusilə bu tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də çıxış etməsi, onun bir çox qlobal xarakterli məsələlərə münasibət bildirməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu dəfə də qlobal forumda Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqaz və dünyada baş verən geosiyasi proseslərlə bağlı mövqeyini ortaya qoyması Azərbaycanın dünyada və beynəlxalq aləmdə baş verən proseslərə mövqeyini bir daha sərgilədi”.
Analitik forumda Prezident İlham Əliyevin çıxışını dəyərləndirərək Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olunması üçün addımlar atıldığını bildirib:
“Prezident bir çox qlobal məsələlərə toxunaraq dünyada sülhün və təhlükəsizliyin bərpa olunması, qoruyub saxlanılması istiqamətində Azərbaycanın xoş niyyətini sərgiləmiş oldu. Xüsusilə də Prezidentin Cənubi Qafqazda gedən proseslər, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlar, o cümlədən hələ də Ermənistanda revanşist qüvvələrin mövcud olduğunu bildirməsi bugünkü reallıqları bir daha dünya ictimaiyyətinə çatdırdı”.
S. Kərimlinin fikrincə, bu bir həqiqətdir ki, bu gün Ermənistanda sülhə mane olmaq istəyən revanşist qüvvələr var və bu qüvvələr nəyin bahasına olursa-olsun, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına mane olurlar:
“Bu da Cənubi Qafqazda hər an müharibə təhlükəsini alovlandırır. Həmçinin Ermənistanın son dövrlərdə atəşkəsi tez-tez pozması, Azərbaycanın hərbi mövqelərini atəş altında saxlaması faktları bu gün onu göstərir ki, İrəvan sülh müqaviləsini bağlamaq istəmir. Həmin revanşist qüvvələr də Ermənistanı yenidən uçuruma aparmaq istəyirlər. Bu, çox təəssüf doğurur, çünki bu gün Ermənistanın hazırkı siyasi rəhbərliyi həmin revanşist qüvvələri zərərsizləşdirə bilmir və həmin revanşist qüvvələr haqqında ciddi tədbirlər görülmür”.