Bakı yeni koordinat axtarışında, yaxud geosiyasi şahmatda ƏSAS GEDİŞ – Səxavət Məmməd yazır
Yaşadıqlarımızın cavabını tapa bilməyəndə “coğrafiya taleyimizdir” deyirik. Ancaq ağır şərtlərə rəğmən, bəzən coğrafiya həyatda qalmaq üçün seçimlər verir. Hazırda dünyada qütbləşmə, hətta tərəflərin seçilməsi prosesi gedir. Bəzən deyirlər ki, dünya müharibəsi gedir. Faktiki olaraq rəqiblər müəyyən olmadığı üçün dünya müharibəsinin getdiyini deyə bilmərik. Əgər adın mütləq dünya müharibəsi qoymalıyıqsa, buna kəşfiyyat xarakterli dünya müharibəsi deyə bilərik.
Dünya müharibəsi o zaman baş verəcək ki, konkret rəqiblər müəyyən olunacaq. Azərbaycan çətin seçim qarşısında idi: ya Rusiya ilə bütün körpüləri yandırmalı, ya da Rusiya ilə münasibətləri normal saxlayaraq öz təhlükəsizliyini təmin etmək üçün daha böyük güc olan Çinlə münasibətlər qurmalı idi. Artıq ABŞ tək qütb deyil, ikinci qütb yaranıb. Bunun da adı Çindir. Çin ABŞ və Rusiyadan fərqli olaraq təhdid, şantaj dili ilə danışmır. Maliyyə ilə işğal həyata keçirir. Çin ətrafındakı dövlətlərin bir çoxunu özündən asılı vəziyyətə salıb. Bunun davam edəcəyini də görəcəyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. 18 bənddən ibarət olan bəyanatda təhlükəsizlik, ərazi bütövlüyü, ticarət, mədəniyyət və bir çox mühüm sahələri əhatə edir. Yeri gəlmişkən, sözügedən bu bəyanat Çinlə Azərbaycan arasında imzalanan ilk sənəd deyildi. 3 iyul 2024-cü ildə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə də imzalanmışdı. Hər iki razılaşma mahiyyətcə eynidir. Hər iki sənəddə tərəflər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verməsi qeyd olunub. Bundan əlavə, hər iki sənəddə Azərbaycan açıq şəkildə vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəklədiyini bəyan edir.
Düzdür, nə birgə bəyanatda, nə də birgə bəyannamədə Qarabağ adı keçmir, Tayvan kimi Qarabağın adı xüsusi qeyd olunmur. Ancaq ərazi bütövlüyü məsələsi açıq şəkildə ifadə edilir.
Azərbaycan hər iki sənədlə hansı mövqedə olduğunu, hansı istiqaməti seçdiyini açıq şəkildə ifadə etmiş olur. Təkcə Tayvan faktı bunun nə anlama gəldiyini deyir. Doğru yanaşmadır? Bunu hər halda gələcək göstərəcək. Artıq elə bir dönəmə gəlib çıxmışıq ki, seçməmək kimi şans yoxdur. Azərbaycanın Qərbi seçmək şansı var? Əlbəttə var. Sual yaranır, Azərbaycan konkret mövqe qoyub Qərb xəttini seçsəydi, bizi Rusiyanın, İranın cəngindən kim xilas edəcəkdi? Ukraynada gedən müharibə çox şeydən xəbər verir. Azərbaycanın indi atdığı addımlar təhlükəsizliyini, gələcəyini qarantiya altına almağa hesablanıb. Azərbaycanın Qərblə əlaqələri birdəfəlik kəsiləcək? Düşünmürəm, Azərbaycan coğrafi mövqeyindən istifadə edərək manevrlər etməyə davam edəcək. Azərbaycanın manevrlər etməyə iqtisadi gücü olmasa da, pulu var. İndiki məqamda pulun da həlledici rol oynadığının şahidi oluruq.
Azərbaycanla Çin arasında əməkdaşlıq Azərbaycan silah sənayesinə də ciddi kömək edə bilər. Çünki Azərbaycan silah sənayesini inkişaf etdirmək istəyir. Silah, texnologiya sahəsində Çinin hazırkı vəziyyətindən əlavə söz açmağa dəyməz. “Bir kəmər, bir yol” layihəsinə gəldikdə isə Çin bundan qərarlı görünür. Bu yolun Azərbaycandan keçəcəyi dəqiqdir, ancaq Ermənistandan keçəcəyi sual altındadır. Gürcüstan prezidentinin Azərbaycan səfəri Ermənistanı narahat etməlidir.
Çinlə münasibətlərin inkişafı Azərbaycanla İran arasındakı narahatlıq və narazılıqları da aradan qaldıra bilər. Çinin İrana təsir gücünə baxdıqda, İran prezidenti Məsud Pezeşkianın Bakı səfəri baş tutacaqsa, İranla da hansısa mühüm sənədlər imzalana bilər. Azərbaycanın İranla münasibətləri normallaşdırmağa da ehtiyacı var.