Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində bal yarmarkası açılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası 28 sentyabr-18 oktyabr tarixlərdə keçiriləcək.
Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək.
Qeyd edək ki, yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən edilib. Yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkaya maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.
Yyarmarkada 37 rayon üzrə 321 iştirakçı qeydiyyata alınıb. Hər arıçıya 400 kq arıçılıq məhsulu çıxarılmasına icazə verilib. Bu il yarmarkaya ən çox bal Astara, Daşkəsən, Qax, Zaqatala, Balakən və Şəki rayonlarından gətirilib.
Xatırladaq ki, qeydiyyatı təsdiqlənmiş 347 arıçıdan 321 nəfəri məhsullarını anbara təhvil verib. 25 nəfər isə qeydiyyatı təsdiqlənməsinə baxmayaraq yarmarkada iştirak üçün məhsullarını təqdim etməyib. Anbara təhvil verilən balın ümumi həcmi 123 tondur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb.
Ümumilikdə, 3241 nümunə götürülüb ki, onların da 562-si, başqa sözlə 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq və yarmarkanın sonuna qədər “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında karantin şəraitində saxlanılacaq.
www.yenicag.az