2018-ci ilin oktyabr ayında ölkə ərazisində, o cümlədən Abşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə bildirib ki, Səbail rayonu, Bayıl sürüşmə sahəsində monitorinq işləri davam etdirilib və quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib.
Onun sözlərinə görə, Badamdar sürüşmə sahəsindəki istinad divarlarında yerləşdirilmiş mayaklarda ayın əvvəlində çatlar müşahidə edilib, torpaq qatında mövcud çatlarda genişlənmələr qeydə alınıb: “13 oktyabr tarixində isə ərazidə sürüşmə, çökmə-oturma prosesi baş verib. Prosesə məruz qalmış sahənin eni 200-220 m, uzunluğu 250-280 m, müvafiq qırılma qaşının hündürlüyü isə 10 metrə qədər olub. Hazırda ərazidə gərgin vəziyyət saxlanılmaqdadır”.
Ə.Qaralov əlavə edib ki, “Teleqüllə” sürüşmə sahəsində də monitorinq işləri davam etdirilib və quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib: “Həmçinin “Buxta küçəsi” sahəsində monitorinq işləri davam etdirilib, quraşdırılmış mayaklarda çatlar müşahidə edilməsə də, prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb”.
Suraxanı rayonu, Zığ-1 sürüşmə zonasına gəlincə, ekspedisiya rəisi deyib ki, burada ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub:
“Bundan başqa, Masazır qəsəbəsi, “Zəli gölü” adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında, eləcə də Nübar qəsəbəsi sürüşmə zonasında təbii və texnogen amillərin təsirindən sürüşmə-çökmə sahəsində nisbi aktivlik qeydə alınıb”.
www.yenicag.az