25 avqustda Mətbuat Şurasında İdarə Heyəti üzvlərinin, Prezident Administrasiyası və Dini Komitə təmsilçilərinin, millət vəkillərinin, qəzet və sayt redaktorların iştirakı ilə geniş toplantı keçirildi.
Tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan mediasının dini məsələlərə yanaşma tərzi mənəvi əhəmiyyət daşıyıb. Bu zaman hər hansı təfriqəçilik meyli nəzərə çarpmayıb. Başlıca olaraq dinin dövlətdən ayrı olması prinsipi rəhbər tutulub, dövlətçilik maraqlarına sadiqlik nümayiş ön planda olub.
Azərbaycanın dövlətçilik maraqlarında Türkiyə ilə strateji müttəfiqliyin mühüm həlqəni təşkil etdiyini vurğulayan Ə.Amaşov onu da bildirib ki, qardaş ölkədə iyulun 15-də həyata keçirilmiş dövlət çevrilişi cəhdi Azərbaycan cəmiyyəti, o cümlədən mediası tərəfindən şiddətlə qınanılıb. Bu baxımdan çevriliş cəhdini edən nurçuların ölkəmizdə də dayaqlarının mövcudluğu istiqamətində diskussiyalar açılıb. Ə.Amaşov medianın bu sayaq məsələlərə münasibətdə həssas davranmasının zəruriliyini əsaslandırıb. Hansısa şəxsin və şəxslərin bu xüsusda damğalanmasının düzgün yanaşma olmadığını vurğulayıb. Cəmiyyətdə bölücülüyün yaranmaması üçün medianın hadisə və proseslərə obyektiv yanaşmasının, faktlara söykənməsinin vacibliyini bildirib.
Azərbaycan dövləti radikal dini cərəyanlara – istər vəhhabiliyə, istər radikal şiəliyə, istərsə də Fətullahçı Terror Təşkilatına qarşı ciddi mübarizə aparır. Artıq onlara ciddi zərbələr vurulub”.
Bunu isə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirdi.
Bəhruz Həsənov Azərbaycan dövlətinin mediaya hər zaman diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Buna qarşılıq kütləvi informasiya vasitələrinin də jurnalistikanın təməl prinisiplərinə, Həsən bəy Zərdabi ənənələrinə sadiqliyinin zəruriliyini əsaslandırıb. Medianın cəmiyyətdə bölücülük yaratmağa xidmət edən cərəyanların ifşasında mühüm missiya daşıdığını önə çəkən PA rəsmisi bunun dövlətçilik maraqlarının müdafiəsi prinsipindən irəli gəldiyini deyib. O, həmçinin Azərbaycan dövlətinin müəyyən siyasi məqsədlər gerçəkləşdirməyə çalışan dini sekta və cərəyanlara qarşı mövqeyinin hər zaman barışmaz xarakter daşıdığını diqqətə çatdırıb.
B. Həsənov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya inteqrasiya yolunu tutub:“Azərbaycan dövləti radikal dini cərəyanların qarşısını alacaq. Bu sahədə medianın üzərinə böyük yük düşür. Media informasiya ötürücüsü olmamalı, analitik yazılarla çıxış etməlidir. Azərbaycan mediası yarandığı gündən əhalini maarifləndirmək yolunu tutub, dini qaragüruha qarşı mübarizə aparıb. Hər bir məsələdə dövlət və medianın mövqeyi üst-üstə düşməyə bilər. Amma ümummilli məsələlərdə ortaq mövqe nümayiş olunmalıdır. Günümüz üçün aktual olan məsələ FETÖ-dür. Azərbaycan dövləti istənilən dini, etnik terror təşkilatına qarşı mübarizə aparır. Konstitusiyamızda açıq göstərilib ki, din dövlətdən ayrıdır. Bunlara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür. Hələ 2009-cu ildə “Dialoq Avrasiya”nın tədbiri zamanı Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov onlara ciddi irad tutaraq bildirmişdi ki, dialoqu bir şəxsə bağlamaq yanlışdır, Azərbaycan dövlətinin tərəf-müqabili Türkiyə dövlətidir, hər hansı bir dini sekta deyil. O qeyd etmişdi ki, tədbirdə iki dahi şəxsiyyətin – Heydər Əliyev və Mustafa Kamal Atatürkün portretləri asılmalıdır, hər hansı biri dini liderin yox. Əli müəllim o vaxt dövlətin tam rəsmi mövqeyini ortaya qoymuşdu. Terror təşkilatı ilə əlaqəsi olanlar, günahları sübut olunarsa, qanun qarşısında cavab verəcəklər”.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəsmisi Nahid Məmmədov isə dini radikalizmə qarşı mübarizə mövqeyinin hər zaman özünü göstərdiyini dedi. O, bu səbəbdən də komitənin hər zaman bu məsələlərdə media ilə əməkdaşlıq edəcəyini vurğuladı: “Biz mediaya açıq qurumuq. Bundan sonra da hər birinizlə mütəmadi əməkdaşlığa hazırıq”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu FETÖ-culuğu imperializmin layihəsi adlandırdı. Onun sözlərinə görə, bu, Qərb imperializminin milli dövlətləri yıxmaq üçün bir silahıdır.
Professor Musa Qasımov isə müxtəlif dini cərəyanların Azərbaycana girmə səbəbləri barədə danışdı. Dedi ki, SSRİ kimi bir ateist qurumun daxilində uzun illər yaşayandan sonra Azərbaycan müstəqilləşdi və daha sonra müxtəlif dini cərəyanlar, islam cərəyanları ölkəyə daxil oldular: “Bunlar da dövlətçiliyimiz üçün ən təhlükəli cərəyanlardır. Dindar dövlətin işinə qarışmamalıdır. Xaricilərin gəlib, Azərbaycanda məktəb açmasının əleyhinə olmuşam. Gəlir, bir nüfuzlu redaktorun uşağını götürür, ona öz məktəbində təhsil verir. Bununla da ictimai nüfuza təsir göstərir, o uşağın beynini alır. 16 yaşlı bir uşaq xaricdə atasının pulu ilə oxuyursa, artıq o, bizimki deyil. Biz öz uşaqlarımızın bakalavr təhsilini daxildə verməliyik, magistraturanı xaricdə oxumaq olar”.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə dini təriqətlərin ölkəyə sirayət etməsinin siyasi səbəblərlə bağlı olduğunu dedi. Bunun 90-cı illərin əvvəllərindən başlandığını deyən çıxışçıya görə, burada bir çox güclərin maraqları təmin olunub: “Azərbaycan dövləti bu məsələdə həssasdır. Zamanında belə təriqətlərə qarşı mübarizəsini aparır. Mətbuatın ən böyük funksiyası odur ki, dövlətin təhlükəsizliyinin qorunmasında var gücüylə çalışsın”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, lazımi məqamda lazımi institutlar birləşməli və dövlətin yanında olmalıdır. Onun fikrincə, multkultural dəyərlərlə dini radikalizmin dəyərləri tamamilə fərqlidir: “Radikalizm dağıdıcılıq, terrorizmdir. Mətbuatda bunlar yazılarkən incə məqamlara toxunanda hədd, sərhəd bilinməlidir”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə dedi ki, bu məsələdə kampaniyaçılığın olmamasını arzulayır. Çıxışçının sözlərinə görə, söhbət türkdilli cümhuriyyətləri illərdir saran bir şəbəkədən gedir: “Nurçuların Azərbaycan daxil, dünyada ayaqda durmasının bir səbəbi var – onların arxasında hər zaman Türkiyə dövləti dayanıb.
Bütün prezidentlər olduqları hər ölkədə onları yerli hakimiyyətlərə tapşırıb. Fətullah Gülən tərəfdarları 11 il Türkiyədə iqtidar ortağı olublar… Bütün bunları Türkiyəmizin hörmətli prezidenti Rəcəb Tayyib Ərdoğan da açıq şəkildə etiraf edib və onlara yaratdığı bütün imkanlara görə türk xalqından üzr istəyib, Allahdan əfv diləyib. Məncə bu üzrxahlığın Azərbaycan xalqılan da ünvanı var və biz də onu qəbul etməliyik. Azərbaycan xalqı onları indiki sifətləri ilə deyil, Türkiyə Cümhuriyyəti dövlətinin təmsilçiləri kimi tanıyıb və qəbul edib. Lakin biz qəzet olaraq 2008-2010-cu illərdə, daha sonra isə, 2013-14-cü illərdə bu şəbəkədən, onun Bakıdakı adamlarından, məram və məqsədlərindən çox yazdıq. Hələ də arxivlərdə qalır! O zaman bizə çox pis baxırdılar. İndi burada gülənçiləri tənqid etməyə gələnlərdən də bizim ünvanımıza yazanlar, üzümüzə gileylənənlər var idi. Onlar öz ölkəmdə məndən güclü idilər. Əllərində hər şeyləri vardı – çünki Türkiyədə hakimiyyəti paylaşırdılar, böyük dünya gücü idilər. Onların gücünün tək səbəbi Azərbaycanda Türkiyəni təmsil etmələri idi”.
R.Arifoğlu dedi ki, sonradan gördülər ki, əslində qəzet olaraq qos-qoca Türkiyə iqtidarı ilə savaşırlar:“Azərbaycan media kapitanları zamanında Abdulla Güllə müsahibəyə getmişdi. Mən də oradaydım. Mən gördüm ki, Türkiyə prezidenti də daxil (Abdulla Gül), hər kəs bunların çızgisindədir, Fətullah Gülənə xüsusi sayğıları var, ünvanına “möhtərəm Hoca Əfəndi”, deyə xitab edirlər. Sonra ənənəvi “Türk Dili Olimpiatları”nı izlədik. Orada Türkiyə dövlətinin bütün rəhbərləri, o cümlədən də hörmətli Tayyib Ərdoğan iştirak edirdilər və çoxlu tərifli sözlər söyləyirdilər. Belə bir vəziyyətdə Azərbaycan cəmiyyəti, mediası və dövləti nə etməli idi?”
Baş redaktor dedi ki, indi bunların uç üzü ortaya çıxıb: “15 iyul 2016-cı il bir sərhəd xəttidir. O vaxta qədər heç kim onların bu addımı atacağına inanmırdı. O vaxta qədər kimsə onlara salam verib, ala bilər, münasibət qurardı. Buna görə həmin şəxslərə irad tutula bilməz. Hansısa bir jurnalistin, qəzetçinin qınanmasına kimsənin haqqı yoxdur, heç kimsə də bundan çəkinməsin. FETÖ dedikləri ilə Türkiyənin indiki iqtidarı Türkiyəni paylaşıblar, azərbaycanlılar da onlara yaxın olmaq üçün öz övladlarını onların məktəblərində oxutmağa çalışıb… Mən bu yaxınlarda redaksiyamıza müsahibəyə gələn Türkiyənin Azərbaycandakı səfiri hörmətli İsmayıl Alper Coşqun bəyə də bu fikirləri çatdırdım… Amma indi seçim anıdır, bundan belə onlarla əlaqə olmamalıdır, münasibət saxlanmamalıdır. 240-dan sadə vətəndaşın, əsgərin ölümünə səbəb olmuş, ürəyimizlə, canımızla bağlı olduğumuz bir dövlətin az qala çökməsinə gətirib çıxaran əməllərə imza atan bir quruma münasibət fərqli olmalıdır”.
Baş yazar bildirdi ki, 15 iyula qədər Ərdoğana şəxsi münasibəti çox da isti olmayıb. Buna səbəb onun həddən artıq ərəbçi olması, türk dünyasına açılmaması olub. R.Arifoğluna görə, 15 iyul tarixində isə Ərdoğan Türkiyə cümhuriyyətini xilas etdi: “Həmin an onda o cəsarət olmasaydı, Ərdoğan meydana çıxmasaydı, ya da onun yerində başqası olsaydı, FETÖ təslim alacaqdı Türkiyəni. Və Türkiyə batacaqdı. Türkiyəni sevən hər kəs Ərdoğana minnətdar olmalıdır”.
Rauf Arifoğlu dedi ki, Azərbaycan türkləri Türkiyəni sevdiyi üçün türkcə danışan hər kəsi bağrına basır. Amma bağrına bir ilan basdığını da çox gec bilir…
R.Arifoğlu eyni zamanda bu məsələnin Azərbaycanda kampaniyaçılığa çevrilməməsinin vacibliyinə toxundu:“Azərbaycan dövlətinin bu məsələdə mövqeyi düzgündür. Biz hər bir halda və hər bir məsələdə Türkiyənin yanında olmalıyıq”.
****
““Xalq cəbhəsi” qəzetinin baş redaktoru olduğum zaman, 2001-ci ildə qəzetdə nurçularla bağlı Vüqar Hüseynovun araşdırmalarını dərc etdik. O vaxt Türkiyədə nurçuluq əleyhinə yazan Nəcib Hablemletoğlu qətlə yetirilmişdi. 8 yazı yayımladıq. Həmin vaxtı həm mənə, həm də yazının müəllifi Vüqar Hüseynova, eyni zamanda qəzetin dostu olan Qüdrət Həsənquliyevə təzyiqlər başladı. 8 nömrədən sonra məhz Türkiyə səfirliyinin təkidi ilə yazıları dayandırdıq. Çünki bizim üçün dost və qardaş ölkənin rəsmi mövqeyi, incidilməməsi önəmli idi”.
Bunu “APA Holding”in prezidenti, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı MŞ-da “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu araşdırma ilə bağlı həmin vaxt “Xalq Cəbhəsi” qəzeti məhkəməyə verilib.
V. Mahirqızı deyib ki, 2013-cü ilə qədər gülənçilərin keçirdikləri tədbirlərdə dünyanın müxtəlif ölkələrinin ən tanınmış şəxsləri, dövlət rəsmiləri iştirak ediblər: “Çünki bu, həmin vaxt Türkiyə dövlətinin yaxın müttəfiqinin tədbirində iştirak kimi qəbul olunurdu. Ona görə də mən hamının bu gün ucdantutma qınanılmasının, bu məsələ ilə bağlı kampaniyaçılığın əleyhinəyəm. Lakin 2013-cü ildən sonra artıq Türkiyə dövləti belə bir müttəfiqi olmadığını açıqladı, bunlara qarşı mübarizəyə başladı. Məhz bundan sonra bu dairə ilə sıx əlaqə saxlayanlar, əməkdaşlığı davam etdirənlər mütləq araşdırılmalı və cəzalandırılmalıdır. Eyni zamanda hətta 2013-cü ilə qədər də bu qrupun dövlət əleyhinə fəaliyyətində onlarla əməkdaşlıq etmiş şəxslərin araşdırılması və cəzalandırılması lazımdır. Yoxsa Türkiyə hakimiyyətinin müttəfiqi kimi yanaşıb, Türkiyə dövlətinə və hakimiyyətinə sayğıdan irəli gələrək bu insanlarla münasibət saxlayan, tədbirlərdə iştirak, çıxış edən adamların qaralanmasını doğru hesab etmirəm”.
V. Mahirqızı eyni zamanda qeyd edib ki, hələ 2009-cu ildə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov gülənçilərə qarşı açıq və sərt fikrini bildirib: “Həmin tədbirdə çoxumuz iştirak edirdik. Əli müəllim açıq mətnlə bu şəxslərə “siz artıq əndazəni aşmısınız” dedi və bildirdi ki, biz Türkiyə Cümhuriyyətinin qurucusu kimi Atatürkü tanıyırıq. Heydər Əliyevlə yanaşı yalnız Atatürkün portreti qoyula bilər. O vaxt gülənçilər bundan çox pərt oldular. Həmin vaxt tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da Əli müəllimin bu fikirlərini çox dəstəklədi”.
V. Mahirqızı bildirib ki, Azərbaycan mediası dövlətin maraqlarına təhlükə ola bilən istənilən cərəyanla mübarizədə dövlətin yanındadır: “Düşünürəm ki, bu, birmənalı və mübahisəsizdir”.
***
***
“Gülən ilə bağlı məsələ çox həssas mövzudur. Hesab edirəm ki, bu gün dövlətdən öncə media konkret olaraq, bu terror şəbəkəsi ilə əlbir olan şəxslərin üzərinə getməlidir. Bəli, o fikirlə razıyam ki, 37-ci il ab-hava əsdirilməməlidir, fəqət bu məsələdə illərdən bəri Gülənin ölkəmizdəki 5-ci kalonu rolunu oynayan şəxsləri, xüsusilə, dövlətin strateji mövqelərini işğal etmiş məmurları ifşa etməliyik. Bunu gizlətməməliyik. Gülən ilə bağlı ən çox məhkəməyə verilən, eləcə də, Azər bəyin (Azər Həsrət-red.) dediyi kimi, Mətbuat Şurasında sırf bu səbəbdən xəbərdarlıq edilən biri kimi deyirəm ki, FETÖ adlanan bu şəbəkə Azərbaycanda çox güclüdür və bu gün də hədəf çaşdırmaqla məşğuldur.
Məsələn, Fətullah Gülənin Azərbaycandakı əsas adamları olan Prezident Administrasiyasının (PA) sabiq şöbə müdiri Elnur Aslanov və Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov vaxt tapan kimi axşamlar rahat-rahat görüşürlər. Eləcə də, bu şəbəkəyə bağlı olan şəxslər koordinasiyanı harda olmalarından asılı olmayaraq, itirmirlər. Gülənin Türkiyədəki üzvləri bir-birləri ilə əlaqə üçün “byloock” deyilən bir sistemdən istifadə edirmişlər. Azərbaycanda hansı vasitədən istifadə edirlər, planları nədir, araşdırılmalıdır” – deyə, çıxışı zamanı Yenicag.az İnternet qəzetinin baş redaktoru, “Terrorun Gülən üzü” adlı kitabın müəllifi Aqil Ələsgər bildirib.
A.Ələsgər deyib ki, Fətullah Gülənin Azərbaycandakı adamları “Hizmət hərəkatı” adı ilə gizlənərək, radikal fəaliyyətlərini davam etdirir: “Çox təəssüf ki, Fətullah Gülənə bağlı olan şəbəkə Azərbaycanda başqa adlar altında gizlənərək, fəaliyyətlərini davam etdirir. Misal üçün, “Çağ Öyrətim” məktəbləri indi “İstək” liseyi adı ilə qalır. Qafqaz Universiteti, “Zaman-Azərbaycan” qəzetindəki adamlar indi də sərbəst dolaşırlar. Dövlət qurumlarına kadrları yerləşdirən əsas adamlardan biri SAM-ın direktoru Fərhad Məmmədovdur. Bu adam hələ də dövlətin strateji qurumu olan SAM-a rəhbərlik edir. Bundan başqa ayrı-ayrı nazirliklərdə, QHT, gənclik sektorlarında oturuşublar. 15 iyuldan öncə AKP-lilər belə Gülənin terror edəcəyini gözləmirdilər. Nə oldu? İndi bəzi millət vəkillərimiz deyirlər ki, bu Türkiyənin daxili məsələsidir. Xeyr, əgər FETÖ Azərbaycanda həm dövlət, həm özəl sektorda böyük şəbəyə malik olmasaydı, bəlkə də haqlı ola bilərdiniz. Biz indi nə zaman 15 iyulumuzun baş verməsinimi gözləməliyik? Artıq gecikmişik. Son 25 ildə Gülən istədiyi qədər Azərbaycanda yerləşib və burada Rusiya və digər post-sovet ölkələrini idarə edir. Heç olmasa, bundan sonra bu şəbəkənin qarşısının alınması lazımdır. Azərbaycan dövlətçiliyinin əsasını qoyan Şah İsmayıla qarşı həqarəti açıq yazanlardan bu millətə xeyir gəlməyib, gəlməyəcək də”.
***
Gülən şəbəkəsi və digər bu kimi radikal dini cərəyanlara qarşı ən effektiv mübarizə üsulu dini maarifləndirmə və təhsil sistemimizin keyfiyyətcə daha da yaxşılaşdırılmasıdır.
Axar.az xəbər verir ki, bunu “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı “Dini radikalizmə qarşı medianın rolu: Media və radikal dini cərəyanlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Aynur Camalqızı bildirib ki, Fətullah Gülən hərəkatı insanları öz tərəfinə çəkmək üçün çox incə bir üsuldan – təhsildən istifadə edir: “Azərbaycan və başqa ölkələrdə onlar məhz məktəblər açmaqla öz “toxum”larını səpiblər. Hətta Afrika ölkələrinədək gedib çıxıblar. Bu o deməkdir ki, təhsil böyük gücdür, bünövrədir, təməldir və əgər biz nurçulara qarşı effektiv mübarizə aparmaq, onların ölkəmiz üçün təhdidə çevrilməsinin qarşısını almaq istəyiriksə, öz təhsilimizi gücləndirməliyik. Azərbaycanın öz məktəbləri səviyyəcə, keyfiyyətcə yenilənməlidir, şöhrətlənməlidir.
Sirr deyil ki, Gülən məktəblərində keyfiyyətli tədris mövcuddur və onlar bununla rahat şəkildə insanların rəğbətini qazana bilirlər. Bu məsələdə onlara uduzmaq olmaz”.
A.Camalqızı belə tədbirlərin, görüşlərin Təhsil Nazirliyinin rəhbərləri ilə təşkil edilməsinin önəmini qeyd edib:
“Çox yaxşı haldır ki, bu gün keçirilən tədbirdə Prezident Administrasiyası, Dini Komitənin də rəsmi nümayəndələri iştirak edir. Ancaq yaxşı olar ki, gələcəkdə belə görüşlər Təhsil Nazirliyi rəhbərliyi ilə də təşkil olunsun. Biz təhsil sahəsində ciddi islahatlar aparmalıyıq, Azərbaycan təhsili mütləq güclənməli və dünyaya inteqrasiya etməlidir. Əgər bu gün müəllim şagirddən rüşvət alırsa, şübhəsiz ki, həmin şagird başqa istiqamətə yönələcək. Bunun üçün də təhsildə bir sıra islahatlar aparılmalıdır. Əgər Azərbaycan təhsili müəyyən üstün səviyyəyə çatdırılsa, biz belə hallara qarşı daha effektiv mübarizə apara bilərik. Ümumiyyətlə, radikal təriqətlərə qarşı ən effektiv mübarizə üsulu yüksək təhsil sisteminin formalaşdırılmasıdır”.
www.yenicag.az