“Bakı Təşəbbüs Qrupu müxtəlif tədbirlər keçirməklə həm maarifləndirmə fəaliyyətini icra edir, həm də Fransanın müstəmləkəçilik siyasəti istiqamətində apardığı dağıdıcı və pozucu siyasəti ifşa edir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Siyasi ekspert özünün də iştirak etdiyi Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans barədə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, “Afrikada Fransanın neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans da öz uğurlu nəticələri ilə yadda qaldı:
“Mən də bu konfransda məruzəçi kimi Afrikanın sərvətlərinin talanması, mineral resurslarının ekspluatasiyası (istismarı – red.) və müxtəlif dövrlərdə Afrika qitəsində həyata keçirilmiş insanlıq əleyhinə siyasət haqqında fikirlərini bölüşdüm. Eyni zamanda, bu tədbir çərçivəsində həm də suverenliyin dəyəri, onun qiyməti və əhəmiyyəti haqqında da dəyərli fikirlər söylənildi. Bakı Təşəbbüs Qrupu Afrikada olan və Fransa zülmündən əziyyət çəkən xalqların azadlığı, tam suverenliyi və istismardan çıxması istiqamətində dəyərli şəxsləri, alimləri və ziyalıları dəvət etmişdi”.
İ. Hüseynov onu da diqqətə çatdırıb ki, Fransa öz tarixi keçmişinə nəzər salmaq əvəzinə, dünyaya demokratiya dərsi keçməyə çalışır:
“Dənizaşırı və müstəmləkə ərazilərində bəşəriyyət əleyhinə cinayətlər törədilir, insanlar üzərində tibbi tədqiqatlar aparılır, nüvə tullantıları bu ərazilərdə basdırılır. Habelə digər insanlar əleyhinə olan bütün fəaliyyətlərə biz bu ərazilərdə şahidlik edirik.
Digər tərəfdən isə Fransa prezidenti Emmanuel Makron özünü demokratiya carçısı sayır, bərabərliyin, hüququn aliliyinin və siyasi plüralizmin başında durmağa çalışır. Bu, əlbəttə ki, absurddur və paradoksal vəziyyəti formalaşdırır. Mənə elə gəlir ki, Bakı Təşəbbüs Qrupunun həyata keçirdiyi görüşlər, dəyirmi masalar, konfranslar və elmi yanaşmalar öz nəticəsini verəcək. Biz mütləq sözügedən azadlıq savaşında olan şəxslərin məqsədlərinə nail olacağının şahidi olacağıq”.
Rafi Müslümov
www.yenicag.az