Bakıda parklanma sistemi İFLİC OLDU: AYNA sürücüləri belə TƏLƏYƏ SALIR
Bakıda parklanma ilə bağlı narazılıqlar artmaqda davam edir.
Yenicag.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə paylaşılan məlumatlardan da görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sürücüləri açıq-aşkar tələyə salır.
Belə ki, vətəndaşlar şikayətlərində bildirirlər ki, parklanma zamanı qanuni şəkildə 1181-ə SMS göndərilsə də, sistem ya cavab vermir, ya da mesajlar gecikmiş şəkildə işlənir. Bu müddətdə isə AYNA əməkdaşları dərhal hadisə yerinə gələrək sürücüləri 20 manatlıq cərimə ilə “mükafatlandırırlar”.
Ən acınacaqlısı isə odur ki, parklanmanın başladığını təsdiqləyən cavab SMS-i olmadan sistem işə düşmür, amma AYNA bu texniki problemi vətəndaşın boynuna yıxaraq məsuliyyətdən yayınır. Mütəxəssislərin fikrincə, bu, nəqliyyat idarəçiliyi adı altında qeyri-etik və qeyri-şəffaf pul yığımına bənzəyir.
Məsələ ilə bağlı AYNA son günlər baş verən hadisələrə cavab olaraq ictimaiyyətə hər hansı izahat verməyib. Lakin sürücülər sosial şəbəkələrdə sözügedən problemlə bağlı mütəmadi paylaşımlar edərək məsələnin ictimailəşdirilməsini istəyirlər.
Rafi Müslümov