Bakıdakı danışıqların SİRR PƏRDƏSİ: Türkiyə və İsrail Suriyada kompromis əldə edəcək?

media-hightechnic-468x90

“Suriyada Türkiyə ilə İsrail arasında yaşanan gərginliklərin ardından iki ölkə nümayəndələrinin Azərbaycan paytaxtı Bakıda bir araya gəlməsi beynəlxalq diqqət mərkəzinə çevrilib. Nəticələri hələlik tam bəlli olmayan, lakin davam edəcəyi bildirilən bu görüşlərin bölgənin gələcəyi və sabitliyi baxımından böyük əhəmiyyət daşıdığı qeyd olunur”.

Bunu Yenicag.az-la söhbətində təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.

media-1678179884_abdulah-agar

O, Türkiyə və Suriya rəsmiləri arasında baş tutan Bakı görüşlərinin pərdəarxası məqamlarına və rəsmi Ankaranın yeni Suriya strategiyasına münasibət bildirib.

A. Ağar xatırladıb ki, xarici media orqanlarında yer alan iddialara görə, Türkiyənin Suriyada yerləşdirilməsi planlaşdırılan bəzi hərbi bazaları, xüsusilə “Palmira-Tiyas” (T4) və “Həma” İsrail tərəfindən hədəfə alınıb:

“İsrail mətbuatında yayılan məlumatlarda isə Türkiyə və İsrail hərbi təyyarələrinin Suriya hava sahəsində bir-birinə təhlükəli şəkildə yaxınlaşdığı bildirilib. Bütün bu hadisələr fonunda, Türkiyə və İsrail nümayəndələri arasında çərşənbə günü Bakıda keçirilən və “qarşıdurmaların qarşısının alınması mexanizmi” adlandırılan görüşlər xüsusi maraq doğurur”.

Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahunun gözlənilmədən ABŞ-yə səfəri və orada keçirdiyi görüşlər bu prosesin mühüm bir hissəsi kimi dəyərləndirilir:

“Məlumata görə, Netanyahu ABŞ prezidenti Donald Trampdan müəyyən məsələlərlə bağlı dəstək istəyib. Tramp isə Netanyahuya “Əgər məntiqli olsan, bu işi həll edə bilərəm” mesajı verib. Bəs Netanyahu ABŞ-dən nə istəyib ki, Tramp onu məntiqə çağırmalı olub? Bu istəyin ABŞ-nin bölgə planları ilə üst-üstə düşməməsi mümkündürmü? İsrail nümayəndə heyətində yer alan Ordu Baş Qərargah rəsmisi Roman Qofman da Netanyahunu ABŞ-a müşayiət etdikdən sonra dərhal “Ben Qurion” hava limanında təyyarə dəyişərək Bakıya uçub. Onun bu səfəri xüsusi əhəmiyyət daşıyır”.

Mütəxəssisin fikrincə, İsrailin Türkiyə ilə apardığı danışıqlara İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi rəhbərlik edib:

“Heyətdə həmçinin Müdafiə Nazirliyinin baş direktoru Amir Baram, Ordunun Əməliyyat İdarəsinin rəhbəri Yisrael Şomer və Roman Qofman kimi mühüm fiqurlar da yer alıb. Bu yüksək səviyyəli heyət və ABŞ-nin prosesə dolayısı marağı, danışıqların ciddiliyini bir daha göstərir. İsrailin “Palmira” bazasını “qırmızı xətt” olaraq qəbul etməsi və bunu danışıqlarda tərəflərə diktə etməyə çalışması bir sıra suallar doğurur. Bu isə sadəcə İsrailin Suriya hava sahəsində sərbəst uçuş və əməliyyat azadlığı bağlıdır. Onsuz da bu, Suriyanın suveren hüquqlarının pozulması deməkdir”.

“Hesab edirəm ki, məsələ daha dərin və strateji mahiyyət daşıyır. Palmira “qırmızı xətt”inin İsrailin “Davud Dəhlizi” adlandırdığı layihə, Suriya ərazisinin bölünməsi, Fərat çayına çıxış, YPG/PKK və druz icmaları ilə əlaqələr, eləcə də Fəratın şərqindəki torpaqlar və bu coğrafiyada yaşayan xalqlar üzərində teopolitik və strateji məqsədlərlə bağlılığı ola bilər. Bu sualların cavabı yaxın vaxtlarda bölgədəki proseslərin gedişatında öz əksini tapacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600