Balotelli yəhudilərdən üzr istəyib
“Liverpul” klubunun hücumçusu Mario Balotelli “İnstagram” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı şəklə görə yəhudilərdən üzr istəyib.
Bu barədə “tvitter” səhifəsində yazan qana əsilli italiyalı futbolçu fikirlərinin yanlış anlaşıldığını bildirib:
“Əgər kimisə təhqir etdimsə, üzr istəyirəm. Mən irqçiliyə qarşı mövqeyimi yumor hissi ilə bildirmək istədim. Artıq anlayıram ki, bu əks təsir verə bilər. Bütün meksikalıların bığı olur, qaradərili insanların hamısı tullanmır və yəhudilərin heç də hamısı pulu sevmirlər. Mən cizgifilm qəhrəmanı “Supermario”nun karikaturasını paylaşdım və bunun daha gülməli olacağını düşündüm. Heç kəsi təhqir etmədim. Bir daha üzr istəyirəm”.
Qeyd edək ki, Balotellinin “İnstagram” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı şəkildə belə yazılıb: “İrqçi olmayın! Mario kimi olun. O, yaponlar tərəfindən yaradılan italiyalıdır, meksikalı kimi görünür, qaradərililər kimi tullanır, yəhudilər kimi isə qəpik yığır”.
Əgər şəkildəki irqçi fikirlər təsdiqini taparsa, Balotellinin beş oyunluq cəzalandırılacağı gözlənilir.(qol.az)