Bu gün “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 72 il ötür.
Yenicag.az xəbər verir ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski “ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub.
1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) “Neftçi”li “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudu.
SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. Banişevski ölümündən bir il əvvəl “Şöhrət ordeni” ilə təltif olunub.
“Neftçi”yə sədaqətini heç vaxt itirməyən “9 nömrə” azarkeşlərin yaddaşında əbədi olaraq qalacaq.
www.yenicag.az