“Fikrət Məmmədovla İQTİSADİ BAXIŞ” verilişi ikinci buraxılışını təqdim edir.
“Yeni Çağ” Media Qrupun layihəsinin bu buraxılışında banklara qoyulan əmanətlər və bunun ailə büdcəsinə təsir amillərinin təhlili ilə yaxından tanış ola biləcəksiniz.
Video:
Buraxılışın mətni:
Məlumdur ki, bank sektoru sadəcə istehlak və ipoteka kreditlərindən ibarət deyil. Vətəndaşların ən çox müraciət etdiyi xidmətlərdən biri də əmanətlərlə bağlıdır.
Əksər sıravi vətəndaşlar pullarının yığılması və artması üçün əlverişli yollardan biri kimi əlindəki vəsaiti banklara əmanət etməyi doğru addım hesab edir. Hətta elə insanlar var ki, banka pul qoyaraq əlavə gəlir əldə etmək üçün özünəməxsus daşınmaz əmlakı satmaqdan da çəkinmirlər. Ən əsası vətəndaşlar hər zaman əmanətlər üzrə daha çox faiz təklif edən banklara üz tuturlar. Banklar manat əmanətlərinə 10 faiz, dollar əmanətlərinə isə 2,5 faiz gəlir təklif edir. Hansısa bank 9 faiz təklif edərsə, bu, artıq vətəndaşlar üçün maraqlı olmur.
Nəzərə alaq ki, pulun banka əmanət edilməsi sadəcə əlavə gəlir qazanmaq mənasına gəlmir. Belə ki, pulunu banka əmanət edən şəxs həm qənaət etməyi öyrənir, həm dar günü üçün pulunun olduğunu bilərək inamlı olur, həm də sahib olduğu vəsaitin təhlükəsizliyini təmin etdiyini düşünür. Yəqin ki, əvvəlki nəsil daha yaxşı xatırlayacaq. Əvvəllər insanlar pulunu yastıq altında saxlamağa üstünlük verirdilər. Yaşadığımız dövr müasirləşdikcə, insanların yanaşmaları da dəyişdi və çox güman ki, bu dəyişiklik illər sonra da davam edəcək. Artıq vətəndaşlar banka əmanət qoyuluşunda daha çox maraqlıdırlar. Belə ki, ötən il Azərbaycan banklarına əmanət qoyuluşu 8 202,9 milyon manat təşkil edib. Bu il isə əhalinin banklardakı əmanətlərinin məbləği 29,4 faiz artıb.
Qeyd edək ki, milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edilib. Yəni məbləği 100 min manatdan və ya illik faiz dərəcəsi 12 faizdən yuxarı olan əmanətlər üzrə sığorta hadisəsi baş verdikdə, məsələn bank müflis olduqda və ya lisenziyası ləğv edildikdə müştəriyə kompensasiya ödənilmir.
Banka əmanət qoyuluşunda maraqlı olan şəxslər üçün bildirim ki, ən sadə əmanət növü müddətsiz əmanətdir. Hansı ki, bu əmanətin müddəti yoxdur və siz pulunuzu istədiyiniz vaxt əmanət hesabınızdan götürə bilərsiniz. Adətən əmək haqqı və ya təqaüdlər məhz belə bir hesaba köçürülür. Lakin bu əmanətlər üzrə faiz dərəcəsi bir qayda olaraq aşağıdır. Bu səbəbdən yığdığınız pul üçün əmanətin digər növü olan müddətli əmanət hesabından istifadə edə bilərsiniz. Gəlirləri əməkhaqqıdan asılı olan adamlar üçün isə yığım depozitləri çox gözəl imkan yaradır. Siz minimal bir məbləğ ilə bankda depozit açır, daha sonra aylıq əlavələr etməklə həmin məbləği artırırsınız. Məsələn, 500 manatla depoziti açır və hər ay əməkhaqqınızdan 100 manat ayırıb, həmin məbləğə əlavə edirsiniz. Həmçinin əlinizə digər vəsait düşəndə də onu depozitinizin üstünə qoyursunuz. Depozitin müddətinə uyğun olaraq, həm ilk qoyduğunuz məbləğə, həm də əlavə yatırımlara faizlər hesablanır.
Xeyirlə şərin yaxın olduğunu nəzərə alsaq, banka əmanət qoyuluşunun risklərini də unutmamaq lazımdır. Xüsusən də dünyada baş verən iqtisadi proseslər və inflyasiyanın bank sektoruna təsiri qaçılmazdır. Bu gün manatla əmanət faizləri təxminən 9-10 faiz civarındadır. Ancaq inflyasiyanın ikirəqəmli həddə, ərzaq inflyasiyasının 14%- faizə yaxınlaşması əmanət qoyuluşunda da risklər yaradır. Manatla depozit gəlirlərinin də inflyasiyanın qurbanına çevrilməsi vətəndaşın bankda əmanət saxlamaq istəyinə mənfi təsir göstərə bilər. Ona görə də banklar kredit faizlərini artırırlarsa, əmanət faizlərinə də diqqət etməlidirlər. Bu halda əmanət qoyuluşuna marağı artırmaq mümkündür.
Mərkəzi Bankın rəsmi açıqlamasına diqqət etsək, bu gün manatla əmanət qoyuluşu daha sərfəlidir. Faizləri isə aylıq və ya bir ilin sonunda götürmək mümkündür. Bir il müddətinə əmanət yerləşdirmisinizsə, müddətin sonunda hər iki tərəfin razılığı ilə bu müddəti bir il də uzada bilərsiniz. Lakin pulunuzu əvvəlcədən iki il müddətinə yerləşdirmək daha sərfəlidir.
Sonda təklif olaraq deyə bilərəm ki, əhalinin qazancının 50-55 faizi ərzağa xərclənir. Bu fonda banklar əmanət faizlərinin ərzaq inflyasiyası göstəricilərindən az olmamasına diqqət etməlidirlər. Əks halda bu, biznes və bank sektorunun inkişafına mənfi təsir göstərə bilər.
Gülşən Şərif
www.yenicag.az