Baqdasaryan əsir soydaşlarımız üçün problem ola bilər? – Zahid Oruc açıqladı
Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü barədə Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.
Məlumatda bildirilir ki, ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib.
Bildiyimiz kimi ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin “qondarma” məhkəmə prosesləri gedir. Arsenin işinin məhkəməyə göndərilməsi girovlarımızın azad edilməsi yolunda maneəyə çevrilməyəcək ki?
Millət vəkili Zahid Oruc sualımıza belə cavab verdi : “Bunu Qarabağdakı məlum məhkəmə prosesinə qarşılıq vermək, əvəzçıxma əməliyyatına çevirmək kimi dəyərdləndirmirəm. Çünki erməni kəşfiyyatçısının fəaliyyətinə başqa hüquqi vasitə ilə qiymət vermək mümkün deyil. Onu sadəcə geri qaytarmaq,yaxud ölkədən deportasiya etmək çıxış yolu deyildi. Belə əməllərin məhkəmə qərarı ilə cəzalandırılması və ifşa edilməsi daha təsirli bir yol olardı.Gələcəkdə təkrarlanmaması üçün və Azərbaycanın siyasi deyil.məhz məhkəmə təsisatlarının qərarını hərəkətə keçirmək üçün bu çox önəmlidir. O ki qaldı girovlarımızın qaytarılmasına. Ümidvaram ki, dövlətimiz onların azad edilməsi üçün bütün vasitələri səfərbər edəcək və sonda onlar erməni əsirliyindən xilas olacaqlar”.
Kamran