Baş redaktor: “Bu, Sərəncam göstərdi ki, 150 yaşı olan milli mətbuatımızın gələcəyi işıqlıdır”
“Cənab Prezidentimizin də mediadan yalnız bir istəyi var: milli maraqlarımızın əleyhinə olan informasiya zibilliyini sıradan çıxarmaq, peşəkar fəaliyyətlə qlobal informasiya bazarına daxil olmaq. Bu, Sərəncam bir daha göstərdi ki, 150 yaşı olan milli mətbuatımızın gələcəyi işıqlıdır, çünki cənab Prezident İlham Əliyevin qoyduğu təməl kifayət qədər sağlam və güclüdür”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış jurnalist Prezident İlham Əliyevin mətbuatın 150 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam barəsində fikirlərini səsləndirərkən Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli deyib.
“Bu gün cənab Prezident İlham Əliyev belə demək mümkünsə, peşəkar və azad fəaliyyəti təmin etmək məqsədilə mətbuatımızı qayğılardan xilas edib” deyən baş redaktor fikirlərini bölüşüb:
“Bildiyiniz kimi, ötən ay cənab Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Sərəncama əsasən, Prezident Administrasiyasına Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırığı verilib. Bu, dövlət başçısının milli mətbuatımıza verdiyi dəyərin real nümunəsidir”.
Onun sözlərinə görə, dövlət başçısının yürütdüyü siyasətin təməlini qoyan Ümummilli lider Heydər Əliyev də mətbuatımızın inkişafı istiqamətində çox mühüm addımlar atmışdı:
“Cənab Prezident İlham Əliyev də məhz bu addımları uğurla davam etdirir, milli mətbuatımızı daha yüksək səviyyəyə qaldırır. Cənab Prezidentin bununla bağlı tarixi qərarları var. 2005-ci ildə “Əməkdar jurnalist” adı bərpa olundu, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalandı. Dövlət başçısı kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi haqqında qərar qəbul etdi. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı verilən sərəncamlar mətbuatın inkişafında mühüm mərhələlərdən biri hesab oluna bilər. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı. Həm jurnalistlərə mənzillərin verilməsi, həm də güzəştli ipoteka şəraitinin yaradılması belə nümunələrdəndir”.
V. Həsənlinin fikrincə, mətbuatımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən jurnalistlərin sosial probleminin həll edilməsi dünyanın mövcud informasiya müharibəsindəki şərtlər baxımından xüsusilə əhəmiyyətlidir:
“Çünki ölkənin informasiya mühitinə kənar müdaxilələr, adətən, maliyyə axınının təmin edilməsi ilə həyata keçirilir və sosial problemləri olan jurnalistlər bu cür müdaxilə cəhdlərində potensial iştirakçıya çevrilə bilirlər. Bu, yaxın tariximizdə təcrübə ilə də öz təsdiqini tapıb. Ancaq sosial problemləri həll edilmiş jurnalistlər isə daha azad olurlar. Bu, həm kənar müdaxilə cəhdlərinin qarşısını böyük ölçüdə alır, həm də mətbuatın peşəkar fəaliyyətini stimullaşdırır. Bütün bunlar onlayn media subyektləri də daxil olmaqla mətbuatımızın dövlət tərəfindən dəstəklənməsi də inkişafa və peşəkarlığa yol açan amillərdəndir”.
Müsahibimiz əmindir ki, bu gün cənab Prezident İlham Əliyev, belə demək mümkünsə, peşəkar və azad fəaliyyəti təmin etmək məqsədilə mətbuatımızı qayğılardan xilas edib:
“Nəticələr ortadadır, xüsusilə son beş ildə yazılı və onlayn medianın, ümumiyyətlə, milli mətbuatımızın inkişafı hər şeyi ifadə edir. 44 günlük Vətən müharibəsindən sonra “Media haqqında” qanunun qəbul edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, agentliyin qısa müddətdə mətbuatın problemlərinin həlli və peşəkarlaşması istiqamətində gördüyü böyük işlər ən mühüm addımlardan hesab olunur. Tam məsuliyyətimlə deyərdim ki, bu gün Medianın İnkişafı Agentliyi üzərinə qoyulan missiyasını uğurla icra edir. Həm jurnalistlərin sosial və mənzil-məişət problemlərinin həllinə töhfə verir, həm mediamızın peşəkarlığının artırılması istiqamətində işləyir, həm də sıravi jurnalistlərlə mütəmadi şəkildə görüşlər keçirir, onların problemlərini dinləyir”.
Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, hazırda Medianın İnkişafı Agentliyi dövlətlə jurnalistlər arasında mühüm körpü rolunu oynayır:
“Bütün bunlar informasiya müharibəsində Azərbaycanın mövqeyinin güclü olmasına da ciddi zəmin yaradır. Şübhəsiz ki, bütövlükdə bütün bunlar məhz cənab Prezidentimizin milli mətbuatımıza göstərdiyi qayğı və diqqətin bariz nəticəsidir. Çünki dövlət başçısı öz çıxışlarında qeyd edir ki, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. Lakin cənab Prezident dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Bunlar qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Sevindirici hal odur ki, mediamız və jurnalistlərimiz müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını uca tuturlar, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklərlə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha çox fəallıq göstərirlər”.
Cəvahir