Baxımsız hovuzun qurbanı oldu: Nadir infeksiyaya YOLUXDU
ABŞ-ın Miçiqan ştatında oteldə qalan 23 yaşlı Alexis Williams adlı turist hovuzda yaşadığı ciddi sağlamlıq problemi ilə qorxunc bir təcrübə yaşayıb. Hovuzda bir müddət üzgüçülük etdikdən sonra gənc qadının dizində açıq yara meydana gəlib. Bir neçə saat sonra isə o, ciddi ağrılar və hərəkət çətinliyi yaşamağa başlayıb, nəticədə yeriyə bilməyib.
Yenicag.az xəbər verir ki, hadisə ilə bağlı Williams xəstəxanaya yerləşdirilib və aparılan müayinələr nəticəsində, onun MRSA (Metisilinə davamlı Staphylococcus aureus) adlı nadir bir infeksiyaya yoluxduğu müəyyən edilib. Bu infeksiya antibiotiklərə qarşı davamlı olduğu üçün sürətlə yayılaraq həyati təhlükə yarada bilər.
Williams, yaşadığı ağrı və iztirabı belə ifadə edib: “Çox qorxuncdu, ağrı dözülməz idi. Bir çox iynə ilə davamlı olaraq vuruldum və heç düşünmədiyim dərmanlar verilirdi”. Gənc qadın, başına gələnləri və yaşadığı travmanı hələ də unuda bilmədiyini bildirib.
Williams-ın vəkilləri, Miçiqan Çevrə və Enerji Nazirliyinə müraciət edərək hovuzda sanitariya qaydalarına riayət edilmədiyini və təmizliyinin qeyri-kafi olduğunu qeyd ediblər. Hovuz suyu üzərində edilən yoxlamalar nəticəsində, 12 İyun, 27 İyun və 8 İyul tarixlərində suya xlor və brom əlavə edilmədiyi aşkar edilib. Hovuzun düzgün təmizlənməməsi nəticəsində gənc qadının yoluxduğu infeksiya baş verib.
Hadisə ilə bağlı Alexis Williams, 25 min dollar təzminat tələb edib. Onun vəkilləri hovuzların mütəmadi olaraq yoxlanılmasını və sanitariya qaydalarına ciddi riayət edilməsini tələb edirlər. “Bu vəziyyət yalnız mənim üçün deyil, digər turistlər üçün də ciddi təhlükə yaradır”, – deyə Williams vurğulayıb.
Miçiqan ştatının müvafiq qurumları hadisə ilə bağlı araşdırmaları davam etdirirlər. Hovuzun təmizliyini və sanitariya qaydalarına riayət etməyən məsul şəxslər haqqında hüquqi tədbirlər görülməsi gözlənilir.
Yenicag.az