Bazarlardakı “bahalı süd” tələsi: "Qiyməti 15 manatdır, amma..." - VİDEO
Bazarlarda “sağlam qida” adı ilə təqdim olunan badam, kokos, soya və banan südü kimi məhsulların qiyməti 10-15 manata qədər yüksəlib.
Lakin bu südlər inək südündə olan vacib qida komponentlərini əvəz edə bilmir. Bunu Yenicag.az-a açıqlamasında qida eksperti İlkin Şirinov deyib.

Ekspert bitki mənşəli südlərin inək südü ilə müqayisəsini belə şərh edib:
“Gəlin bir daha baxaq görəsən, bunlar həqiqətən inək südünü əvəz edə bilərmi? Mən qətiyyətlə deyirəm ki, xeyr, edə bilməz. İnək südünün təbii zülalı, kalsiumu, B qrupu vitaminləri və sümüklərin inkişafı üçün lazım olan komponentləri kifayət qədərdir. Bitki mənşəli süd məhsullarında isə zülal ya çox azdır, ya da tamamilə yoxdur. Kalsium və vitaminlər isə bu məhsullara süni şəkildə əlavə olunur”.
İlkin Şirinov həmçinin uşaqlar və yaşlı insanlar üçün yaranan risklərə də diqqət çəkib:
“Uşaqlar üçün zülal və kalsium həyati əhəmiyyət kəsb edir. Bu komponentlərin çatışmazlığı boy artımında ləngimələrə və digər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Yaşlı insanlarda isə bu cür süni qarışıqlar bəzi xəstəlik risklərini artırır. Qiymətin baha olması məhsulun mütləq faydalı və keyfiyyətli olduğu anlamına gəlmir. Bəzən bu, sadəcə müasir dövrün trendidir, sağlamlıqla birbaşa bağlılığı yoxdur”.
Ətraflı videomaterialda:
Samir Məcidov













