“Son bir ayda Ukrayna da zəifləyib və beynəlxalq səviyyədə diqqət mərkəzindən çıxıb”.
Bu fikirləri Yaxın Şərqdə davam edən toqquşmalar fonunda Rusiyanın Ukrayna ilə savaşda aktivləşməsi haqda danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, hazırda Ukraynada vəziyyətin daha da ağırlaşmasının qarşısı danışıqlara başlamaqla alına bilər:
“Əvvəllər də demişdim ki, Rusiya güclü müdafiə xətti quracaq və Qərb də Ukrayna ordusunu əks-hücuma məcbur edəcək. Əks-hücum kampaniyasının nəticəsində nəyin bahasına olur-olsun, müəyyən nəticə əldəetməyi planlaşdırırdılar. Lakin döyüşlərin xarakterini anlayan Rusiya vəziyyətin ciddi şəkildə dəyişməsinə imkan vermədi.
Tarixə də baxsaq, Rusiyanın müdafiə döyüşlərində daha effektli olduğunu görərik . Müdafiəyə keçməklə, qarşı tərəfə böyük itkilər verdikdən sonra özü hücum əməliyyatlarına başlayacaqdı. Çünki Rusiyanın qarşısını ala biləcək elə böyük güc yoxdur.
Geosiyasi planda diqqətin Yaxın Şərqə yönəldiyi müşahidə olunur. Orada bir aya yaxındır ki, vəziyyət çox gərgindir. Son bir ayda Ukrayna da zəifləyb və beynəlxalq səviyyədə diqqət mərkəzindən çıxıb. Eyni zamanda, müttəfiqləri Ukraynanı Rusiya ilə danışıqlar masasına oturtmağa çalışırlar.
Düşünürəm ki, Rusiya Xarkov istiqamətində hücumlarını daha da gücləndirəcək. Odessa istiqamətində də hücumların intensivləşəcəyi gözlənilir. Bununla Ukraynanın Qara dənizə çıxışının qarşısını almaq istəyirlər. Ona görə də, bu gedişatı yalnız danışıqlara başlamaqla dayandımaq mümkündür.
Hava şəraiti də Rusiyaya imkan verir ki, hücum əməliyyatlarını indiki templə davam etdirərək bəzi əraziləri ələ keçirsin və daha sonra qış kampaniyasına başlasın. Rusiyanın bəzi analitikləri rusların ehtiyatda olan 300 minlik qoşunundan hələ istifadə etmədiyini və hücuma keçəcəyi təqdirdə, həmin qüvvəni döyüşə atacağını bildirirlər. Bütün bunlar Ukraynanın vəziyyətini daha da ağırlaşdıracaq”.
Səxavət Məmməd
www.yenicag.az