"Binanın faciəsinə səbəb ola bilər" – Mənzildə təmir edənlərə XƏBƏRDARLIQ
“Binanın daşıyıcı elementlərinin dəyişdirilməsi çox ciddi nəticələrə, hətta faciələrə səbəb ola bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, əmlak eksperti Vüqar Oruc deyib.
O, bina evlərində təmir işlərinin hansı zəruri qaydalara riayət etməklə mümkün olduğunu açıqlayıb.
Ekspert bildirib ki, bir çox hallarda binaların əsas yükdaşıyan divarlarının və dayanıqlığı təmin edən konstruksiyaların vətəndaşların istəyi ilə dəyişdirilməsi halları baş verir.
“Bu isə təkcə həmin mənzilin deyil, ümumilikdə bütün binanın dayanıqlığına ciddi təhlükə yaradır. Belə halların qarşısını almaq üçün mənzildə hər hansı təmir və ya yenidənqurma işləri aparılarkən müvafiq dövlət orqanlarına məlumat verilməli, proses müvafiq icazə və nəzarət altında həyata keçirilməlidir.
Əsas məsuliyyət binaları idarə edən mənzil-təsərrüfat idarələrinə və ya idarəedici şirkətlərin üzərinə düşür. Əgər təmir zamanı konstruktiv dəyişikliklər nəzərdə tutulursa, vətəndaş mütləq şəkildə bu barədə məlumat verməli, nəzarət qurumları da həmin prosesi diqqətlə izləməlidirlər.
Təəssüf ki, bəzi hallarda çıxarış verilməsi zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri mənzilə baxış keçirmədən sənədləşmə aparır, bəzi vətəndaşlar isə əlavə problem yaranmaması üçün daxili dəyişiklikləri gizlədirlər. Nəticədə sənədlərdəki planla real vəziyyət arasında fərqlər yaranır. Bu baxımdan sənədlərin təqdimatı zamanı mütləq mənzillərə yerində baxış keçirilməli və əvvəlki layihələrlə müqayisə aparılmalıdır.”
Vüqar Oruc bir daha vurğulayıb ki, binanın daşıyıcı elementlərinin dəyişdirilməsi çox ciddi nəticələrə, hətta faciələrə səbəb ola bilər:
“Binanın daşıyıcı elementlərinin dəyişdirilməsi çox ciddi nəticələrə, hətta faciələrə səbəb ola bilər. Belə vəziyyət yalnız bir mənzilə və ya mərtəbəyə deyil, bütün binaya təhlükə yaradır. Odur ki, Fövqəladə Hallar Nazirliyinin Tikinti Təhlükəsizliyi Nəzarəti İdarəsi, mənzil fonduna cavabdeh strukturlar və Əmlak Xidmətinin əməkdaşları məsələyə ciddi nəzarət etməlidirlər. Əgər mövcud qanunvericiliyin tələbləri tam şəkildə yerinə yetirilsə, problemlər ümumiyyətlə yaranmaz.”
Vüqar Oruc əlavə edib ki, yaxın günlərdə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yeni tikinti normaları qəbul edilib:
“Bu sənəd əsasən çoxmərtəbəli binalara şamil olunsa da, müəyyən istisnalarla digər binalara da tətbiq olunmalıdır. Yeni normalar həm vətəndaşların təhlükəsiz yaşayış şəraitinin təmininə, həm də tikinti şirkətlərinin məsuliyyətli fəaliyyətinə xidmət edəcək. Bu normaların təkcə 25 və ya 30 mərtəbəli binalara deyil, daha azmərtəbəli yaşayış binalarına da uyğunlaşdırılması vacibdir. Məsələn, böyük komplekslərdə məsafələr və sahə tələbləri fərqli ola bilər. Əsas məqsəd odur ki, tikinti normalarının icrasına ciddi nəzarət olunsun və gələcəkdə mümkün fövqəladə halların qarşısı alınsın”, – deyə o bildirib.”
Nəsimi Ələsgərli