“Bir dəfə yüksələn bayraq bir daha enməz” – İstanbulda Azərbaycanla bağlı möhtəşəm tədbir keçirildi

media-hightechnic-468x90

 

media-banner_tkm

İstanbulda Azərbaycan Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü münasibətilə geniş tədbir keçirilib. Tədbir İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD) və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) tərəfindən birgə təşkil olunub.

Gecədə çoxsaylı ictimai xadimlər, diaspor nümayəndələri, iş adamları və media təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər iki dövlət arasındakı qardaşlıq münasibətlərindən, Qarabağ zəfərindən və Türk dünyasının birliyindən danışıblar.

İSTAD sədri Sefer Karakoyunlu çıxışında bildirib ki, Azərbaycan Şərqin ilk demokratik respublikası kimi 1918-ci ildə çox ağır şərtlər altında qurulub. O, Osmanlı ordusunun Nuru Paşanın rəhbərliyi ilə Bakının azad olunmasındakı rolunu xatırladaraq Türkiyə-Azərbaycan qardaşlığının tarix boyunca sarsılmadığını deyib. Karakoyunlu həmçinin Qarabağ savaşının yalnız torpaq deyil, Türk dünyasının gələcəyi baxımından da böyük dönüş nöqtəsi olduğunu vurğulayıb.

“Zirvə” İslahatçı Dəstək Mərkəzinin rəhbəri Elçin Axundzadə emosional çıxışı ilə diqqət çəkib. O bildirib ki, Azərbaycan xalqı hər zaman türk kimliyini qoruyub və Türkiyə çətin günlərdə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da Türkiyənin yanında olub. Ahundzadə qeyd edib ki, Türkiyəyə qarşı hər hansı təhlükə yaranarsa, Azərbaycanın milyonlarla insanı “kəfənini geyinib” qardaş ölkənin müdafiəsinə qalxar.

TADEF sədri Adalet Turan isə çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin Türk dünyası üçün böyük tarixi əhəmiyyət daşıdığını deyib. O vurğulayıb ki, Azərbaycan və Türkiyənin bayrağındakı hilal və ulduz ortaq taleyin simvoludur. Turan 44 günlük Vətən müharibəsində əldə olunan zəfərin Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi nəticəsində qazanıldığını bildirib.

MHP İstanbul şəhər şöbəsinin başqan müavini Batuhan Pınar da çıxışında Turan ideyasının türk milliyyətçi düşüncəsinin əsas istiqamətlərindən biri olduğunu deyib. O, Azərbaycanın Türk dünyasında demokratik respublika modeli ilə öncü rol oynadığını vurğulayıb.

Dünya İğdır Dərnəkləri Federasiyasının rəhbəri İmdat Atabey isə türk xalqlarının ayrı coğrafiyalarda yaşasa da eyni kökə sahib olduğunu bildirib. O qeyd edib ki, “Bir dəfə yüksələn bayraq bir daha enməz” ideyası Türk dünyasının ortaq ruhudur.

Avropa Azərbaycan Diaspor nümayəndəsi Ekber Gəncə isə Qarabağ savaşı dövründə Avropada həyata keçirilən aksiyalardan danışıb. O bildirib ki, BMT önündə 60 gün davam edən aksiyalarla Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırılıb.

Tədbirdə həmçinin “Türkiyə-Azərbaycan Qardaşlıq Xoru”nun çıxışı böyük maraqla qarşılanıb. Gecənin sonunda Türk dünyasına verdikləri dəstəyə görə bəzi şəxslərə “Türk Dünyası Onur Plaketi” təqdim olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05