“Birdən-birə Azərbaycan zərbə endirdi”
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc cəbhə bölgəsində baş verən son hadisələrə münasibət bildirib.
Millət vəkili açıqlamasında deyib ki, Ermənistan vertolyot hadisəsindən ötən dövr ərzində müəyyən təxribatçı planlarını genişləndirməyi qərara alıb və bu dövlətin ən yüksək rəhbərliyindən gələn qərarlardır: “Yəni bunu sadəcə səngərdə üz-üzə dayanan əsgərlər arasında təsadüfi atışmaların nəticəsi hesab etmək olmaz. Bunlar Ermənistanın Prezident Adminstrasiyası tərəfindən idarə oluna hadisələrdəndir. İkincisi, avqustda cəbhənin Ağdam istiqamətində müəyyən təxribatlara verilmiş cavab reaksiyasının və itkilərin nəticəsində Ermənistan cəmiyyətində etiraz dalğasının artıb. Vertolyotun vurulması sıradan hadisə sayıla bilməzdi. Öz- özlüyündə isə ən böyük nəticə üç zabitin itirilməsi idi. Onların itkisi əsgərlərlə eyni çəkidə götürülə bilməzdi. Həm də ona görə ki, Ermənistanda zabitlərin formalaşdırılmasına illərlə çəkilən xərclərə, strategiyaya birdən-birə Azərbaycan zərbə endirdi. Ona görə də son dövlər Azərbaycan əsgərinin minaya düşməsi hadisəsini belə Ermənistan öz cəmiyyətinə məlum hadisələrdən sonra qorxudan çıxma zərbəsi kimi təqdim etməyə çalışır”.
Z. Oruc qeyd edib ki, Ermənistanda çox ciddi hərbi senzura hökm sürməkdədir: “İstənilən informasiya cəmiyyətə süzgəcdən keçirilərək təqdim olunur. Əminəm ki, Azərbaycanla bağılı məsələlər erməni cəmiyyətinə güclü təsir etmir. O baxımdan ki, onlar bütün informasiyaları bizim mənbələrimizlə müqayisə edirlər. Dünənki xəbərlərin də bu şəkildə təqdim olunmağı onun nəticəsidir”.
Millət vəkili cəbhə bölgəsində bundan sonra da gərginlik artacağını istisna etmir: “Yəni erməni tərəfi psixoloji və mənəvi məğlubiyyəti alıb. İndi istəyir ki, o özünün mülki əhalisini və səngərdə dayananları o sindromdan çıxarsın. Hesab edirəm ki, təxribatçı cəhdlər artacaq. Amma Azərbaycan tərəfinin kifayət qədər özünü kökləməsi və növbəti zərbələri vurmaq planları daha böyükdür. Əlbəttə hərbi vəziyyət nə qədər nəzarət altında olsa da, bu real komputer əməliyyatları deyil, onu tam planlaşdırmaq da çox çətindir. Amma mənim aləmimdə erməni əsgərlərini vurmaqdansa, daim zabitləri və onun əmlakını daha çox hədəfdə saxlamaq lazımdır. Düzdür, bunu ssenariləşdirmək mümkün deyil. Amma hər hansı təxribatlara cavab reaksiyaları verilirsə, mütləq ermənilər məhz zabit heyətindən itkilər veməlidir. Bu onlarda itkilərin miqyasını böyüdür. Müharibənin iqtisadiyyatlarla aparıldığını nəzərə alsaq, onun alt qatını doldura bilmirlər. Kənardan yardımlar alıb, həmin itkiləri yerinə qoya bilmirlər. Necə ki, bir vertolyotun 10 milyon dollar qiyməti varsa, onun əvəzi mütləq yerinə qoyulmalı idi. Ermənistanda isə belə mənbələr yoxdur. Ona görə də erməniləri iqtisadi cəhətdən var-yoxdan çıxarmaq lazımdır”.