Biri "HARAM", biri "HALAL" dedi - İki ilahiyyatçı QARŞI-QARŞIYA

media-hightechnic-468x90

Ramazan ayının daxil olduğu günlərdə cəmiyyətdə ən çox narazılıq yaradan mövzu restoranların “iftar süfrəsi” paketləri və bu paketlərin yüksək məbləğlərlə müştərilərə təqdim edilməsidir.

media-banner_tuq

Ümumiyyətlə, restoran və kafelərdə iftar süfrəsi pul qarşılığında satıla bilərmi? Bu ad altında xüsusi menyular təqdim edib pul qazanılmasına İslam qaydaları nə deyir?

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan sözügedən restoranları sərt tənqid edərək, haram işlər görüldüyünü bildirib:

media-whatsapp-image-2026-02-19-at-14-44-39

“Öncəliklə onu bildirim ki, ölkəmizdə Ramazan və Qurban ayları ərəfəsində son illərdə iki yanlış ənənə formalaşıb. Bu, çox təzadlı məsələdir və dinlə heç cür uyğunlaşmır bizim keçmiş dini-mənəvi dəyərlərimizə müxalif olan bir yanaşmadır. Ramazan ərəfəsində iftar süfrələrinin satılması yanlışdır. Restoranlar mübahisəli qiymətlər qoyur, təmtəraqlı menyular təqdim edirlər. Bu, işbazların dindən istifadə edərək qazanc götürmək fırıldağıdır. İftar menyularının satılması həm cəmiyyətdə sosial münasibətlərin pozulmasına gətirib çıxarır, həm də inanclı insanların narazılığına səbəb olur. Ramazan ayının mahiyyəti insanları sosial cəhətdən bərabərləşdirməkdir; varlı və kasıb təbəqə arasında sinif fərqini dərinləşdirmək deyil. O menyularla hamı gedib iftar edə bilmir”.

İlahiyyatçı bu cür restoran menyularının adının “iftar paketi” kimi müştərilərə təqdim edilməsinin günah olduğunu diqqətə çatdırıb:

“Digər tərəfdən, bu menyuların adını ” iftar menyusu”qoymaq böyük günahdır, qəbahətdir. Bu, dinin alverə çevrilməsi deməkdir. İftar yemək olsa da, əslində bu bir ibadətdir. İbadəti satarlar? Bu, heç bir müsəlman ölkəsində görülməmiş bir örnəkdir. Təəssüf ki, bizdə sovet dövründən mötədil İslam dəyərlərinin təbliğinə imkan verilmədiyi üçün insanların beyninə mövhumat yeridildi və bu ənənə bəzən davam etməkdədir. Adamlar dindən bir peşə, qazanc mənbəyi kimi istifadə edirlər. Həcc ziyarətində də eynən belədir; insanların əksəriyyəti kəlmeyi-şəhadəti bilmir, amma Həccə gedir ki, mənə “Hacı” desinlər. Ramazanda da iftar süfrəsinin pulla satılması haram və günahdır, İslama bidət gətirməkdir. İftar heç vaxt pulla satıla bilməz”.

İlahiyyatçı restoran sahiblərinə təklif edir ki, “iftar süfrəsi” adı altında satılan təamları adi restoran menyusu kimi təqdim edə bilərlər:

“Ola bilər ki, restoran sahibləri həmin menyulardan içki kimi haram sayılan məhsulları xaric edib, adi restoran menyusu kimi müştərilərə iftar zamanı təqdim etsinlər. İstəyən gedib orada iftar edəcək, oruc tutmayan da yeməyini yeyəcək. Bu başqa məsələdir. Yoxsa ora “iftar süfrəsi” yazmaq olmaz. Əgər kimsə iftar süfrəsi vermək istəyirsə, bu, tam təmənnasız olmalıdır. İstənilən kafe 30-40 nəfərə təmənnasız iftar verə bilər və bunu elan edər. Bunu pulla insanlara təqdim edirsə, bu, iftar sayılmaz. Bu, sadəcə Ramazan ayından istifadə edərək əhalini istismar etməkdir”.

T. İrfan bu məsələ ilə bağlı aidiyyəti orqanların müdaxilə etməsinə ehtiyac olduğunu vurğulayıb:

“Bu məsələlərə aidiyyəti orqanlar müdaxilə etməlidir. İnhisarçılığa nəzarət edən qurumlar bu sahəni tənzimləməlidir. Bu, ciddi fəsadlara, böyük narazılıqlara səbəb ola bilər. Dini Komitə də bu işlə məşğul olmalıdır. Çünki bu hərəkətlər dinə xəyanətdir və siz bunu başqa ölkələrdə görə bilməzsiniz. Yalnız Azərbaycanda bəzi “dırnaqarası” müsəlmanlar bunu adət halına salıblar. Belə şəxslər üçün din önəmli deyil, yalnız qazanc önəmlidir. Onlar düşünürlər ki, insanlar oruc tutacaq, biz də bundan istifadə edib pul qazanaq”.

İlahiyyatçı Əkrəm Həsənov isə bu mövzuda tamamilə fərqli düşünür:

media-297011

“İslam dini baxımından bu məsələyə yanaşarkən əvvəlcə bir prinsipi düzgün anlamaq lazımdır. Dində qadağan olunan bir əməl olmadığı müddətcə insanlar halal çərçivədə ticarət edib qazanc əldə edə bilər. Qurani-Kərimdə alış-veriş halal buyurulub, haram isə yalnız açıq şəkildə müəyyən edilmiş şeylərdir. Bu baxımdan, restoranın iftar üçün yemək hazırlayıb onu satması özlüyündə dini cəhətdən problemli sayılmır.

Burada iki fərqli anlayışı bir-birindən ayırmaq lazımdır. Birincisi, savab məqsədilə verilən iftar süfrəsidir ki, bu daha çox sədəqə və paylaşma niyyəti ilə edilir. İkincisi isə xidmət və ticarət məqsədli iftar menyusudur. Restoranın etdiyi iş ikinci kateqoriyaya aiddir. Yəni restoran öz məhsulunu və xidmətini təqdim edir, insanlar da istəyinə uyğun olaraq onu satın alırlar. Bu, normal iqtisadi münasibətdir və İslam hüququnda buna maneə yoxdur.

Əslində, oruc tutan insan ya evində ərzaq alıb iftar edəcek, ya da imkanına uyğun olaraq restoran seçəcək. Məkanın dəyişməsi ibadətin mahiyyətini dəyişmir. Əsas məsələ yeməyin halal olması, israfa yol verilməməsi və niyyətin düzgün olmasıdır. Restoran öz işi ilə məşğuldur, əmək sərf edir, işçi çalışdırır və xidmət göstərir. Bunun müqabilində qazanc əldə etməsi dini baxımdan təbii və qanuni bir haldır.

Peyğəmbərimiz Məhəmməd (s.ə.s) dövründə də ticarət və qazanc İslam cəmiyyətinin normal bir hissəsi olmuşdur. Klassik alimlər də qeyd edirlər ki, ibadət məqsədilə istifadə olunan vasitələrin hamısının pulsuz olması şərt deyil. İnsan məscidə gedərkən nəqliyyata pul verir, evində iftar üçün ərzaq alır; bu da eyni iqtisadi məntiqin davamıdır. Burada diqqət edilməli olan əsas məqam odur ki, dini anlayışlar kommersiya reklamına çevrilməsin və iftar anlayışı yalnız biznes şüarı kimi təqdim edilməsin. Lakin halal xidmət göstərmək və bunun müqabilində ödəniş almaq İslam baxımından qadağan olunan bir məsələ deyil”.

Ə. Həsənov həmkarından fərqli olaraq, restoranların “iftar süfrəsi” təqdim etməsini normal hesab edir:

“Belə deyə bilərəm ki, restoranlarda paket şəklində iftarın pulla təqdim edilməsi dini baxımdan normaldır. Bu, həm iqtisadi fəaliyyət, həm də insanların rahatlığı baxımından müasir dövrün praktiki bir formasıdır. Əgər xidmət halal prinsiplərə uyğun qurulursa və israfçılıq təşviq olunmursa, burada dini baxımdan qəbahət görüləcək bir hal yoxdur”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05