Birlikdə GÜCLÜYÜK: Narkomaniyaya qarşı mübarizədə görülən TƏDBİRLƏR
Müstəqil Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətinin əsas hədəflərindən biri sağlam, vətənpərvər və milli mənlik şüuru yüksək olan gənc nəslin formalaşdırılmasıdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, bu gün isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ardıcıl şəkildə həyata keçirilən gənclər siyasəti həm ideoloji, həm mənəvi, həm də sosial müstəvidə ciddi dönüşlərə səbəb olmuşdur. Bu siyasətin mərkəzində isə təkcə milli dəyərlərin aşılanması deyil, həm də gənclərin qlobal təhlükələrdən, xüsusən də narkomaniya kimi dağıdıcı və antisosial vərdişlərdən qorunması dayanır.
Narkomaniya bu gün yalnız bir sağlamlıq problemi deyil, milli təhlükəsizliyə təhdid, milli kimliyə qarşı yönəlmiş gizli ideoloji müharibə formasıdır. Dövlətimizin bu bəla ilə apardığı mübarizə sistemli, çoxşaxəli və strateji xarakter daşıyır. Xüsusilə Prezident İlham Əliyevin narkomaniyaya qarşı mübarizəni prioritet istiqamətlərdən biri kimi müəyyən etməsi, hüquq-mühafizə orqanlarının, aidiyyəti qurumların və vətəndaş cəmiyyətinin bu sahədə səfərbər olunması bu məsələyə verilən yüksək önəmin bariz göstəricisidir.
Bu kontekstdə gənclərdə milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi təkcə ideoloji məsələ deyil, həm də gəncin fiziki və mənəvi sağlamlığının təminatı, zərərli vərdişlərə qarşı ideoloji sipərdir. Çünki öz millətinə, öz torpağına, öz dövlətinə bağlı olan bir gənc nə narkotikə əl atar, nə də mənəviyyatını zəhərləyən qaranlıq yollara yönələr. Sağlam ruhlu gənc – sağlam dövlətin, güclü dövlətin əsas sütunudur.
Bu baxımdan, Azərbaycan dövləti gənclərin narkomaniyadan uzaq tutulması, onların milli-mənəvi dəyərlər zəminində formalaşması və vətənə sədaqət ruhunda tərbiyəsi üçün genişmiqyaslı proqramlar həyata keçirir. Məktəbdən başlayaraq ali təhsil pilləsinədək bu istiqamətdə aparılan maarifləndirici və praktiki işlər, həmçinin vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı bu məsələnin nə qədər vacib və strateji əhəmiyyət daşıdığını bir daha göstərir
Milli Məclisin deputatı Fazil Mustafa ölkədə narkomaniyaya qarşı aparılan mübarizə ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, bu sahədə dövlət səviyyəsində mühüm və ciddi tədbirlər həyata keçirilsə də, cəmiyyətin fəal iştirakı olmadan mübarizənin nəticələri tam effektli ola bilməz.
“Əlbəttə, dövlət səviyyəsində narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Amma bu mübarizə yetərli ola bilməz. Çünki əksər dövlətlərin bu mübarizəsi mütləq vətəndaşların daha həssas şəkildə mövzunu dəstəkləməsi ilə gerçəkləşir,” – deyə deputat bildirib.
Fazil Mustafa vətəndaşların narkomaniyaya qarşı daha çox həssaslıq göstərməli olduğunu vurğulayıb. O, xüsusilə narkotik satışı ilə məşğul olan şəbəkələrin ifşa olunması istiqamətində hüquq-mühafizə orqanlarına məlumat verilməsinin vacibliyini qeyd edib.
“İnsanlar, xüsusilə narkotik satışı ilə bağlı şəbəkələrin çökdürülməsi istiqamətində atılan addımları mütləq hüquq-mühafizə orqanlarına müəyyən koordinasiyalı şəkildə bildirməlidirlər ki, bu məsələni birlikdə qarşısını almağa çalışmalıyıq. Bu, sonradan bütün cəmiyyətin faciəsinə çevrilə bilər. İndi bu mövzu ətrafında mütləq hamının səfərbər olması və dəstək verməsi vacibdir,” – deyə deputat əlavə edib.
Yenicag.az-a açıqlamasında “Gəncləri Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova da bildirib ki, narkomaniya ilə mübarizə yalnız bir təşkilatın, bir məktəbin və ya hər hansı bir ailənin işi deyil:
“Bu mübarizədə ancaq birlikdə qalib gəlmək mümkündür. Bu sahədə azyaşlı, böyük, yaşlı, gənc fərq etmədən hər kəsin rolu var. Əgər bütün cəmiyyət birlikdə mübarizə aparsa, bu problemin qarşısını almaq mümkündür. Amma əgər insanlar “mənim ailəmdə narkotik istifadəçisi yoxdur”, “mənə aid deyil”, “mənim evimdə belə bir problem yoxdur” deyib məsuliyyətdən yayınsalar, bu problemi görməməzliyə vursalar, üzlərini çevirsələr, biz bu bəladan xilas ola bilmərik”.
“İndi elə bir dövrdə və elə bir cəmiyyət içində yaşayırıq ki, narkotik, demək olar ki, bütün dünyada yayılıb. Elə bir mühit formalaşıb ki, hər birimizin yaşadığı binada, məhəllədə, bəlkə də ən yaxın qonşumuzun ailəsində belə bu problemin izləri var. Hətta bir az da dərinə getsək, hər birimizin nəsli içində bu bəladan əziyyət çəkən birini tapmaq mümkündür. Ona görə də narkomaniya ilə mübarizədə fərdi deyil, ümumi ictimai yanaşma vacibdir. Əgər yalnız Daxili İşlər Nazirliyi, hansısa bir dövlət qurumu və ya bir qeyri-hökumət təşkilatı təkbaşına bu işin öhdəsindən gəlməyə çalışsa, nəticə yetərli olmayacaq. Hər bir fərd bu işə dəstək verməlidir. Hər kəs öyrəndiklərini ətrafı ilə paylaşmalı, maarifləndirici informasiyanı yaxınları, ailəsi, dostları ilə bölüşməlidir. Ancaq bu şəkildə, ümumi həmrəyliklə biz bu təhlükəli bəlaya qarşı effektiv nəticə əldə edə bilərik”, – deyə o, əlavə edib.
“Bizim təşkilat – “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi olaraq məktəblərdə, kolleclərdə, universitetlərdə, ümumiyyətlə, bütün tədris müəssisələrində maarifləndirmə tədbirləri həyata keçiririk. Bu tədbirlər mütəmadi və davamlı şəkildə təşkil olunur. Demək olar ki, hər həftə istənilən bir məktəbdə və ya ali təhsil müəssisəsində maarifləndirmə tədbiri keçiririk. Ümumiyyətlə, narkotik vasitələrə aludəçiliyin əsas səbəblərindən biri məhz maarifsizlikdir. Biz narkotik vasitələrdən istifadə edən şəxslərlə söhbət zamanı tez-tez belə ifadələr eşidirik: “Bilmirdik ki, qəbul etdiyimiz maddə narkotikdir”, “Təhlükələrindən xəbərsiz idik”, “Məlumatımız yox idi”. Bu isə onu göstərir ki, bu problemin kökündə informasiya çatışmazlığı durur”, – B. Məmmədova söyləyib.
İB sədri onu da vurğulayıb ki, rəhbərlik etdiyi qurumun məqsədi gəncləri maarifləndirməkdir:
“Bu məqsədlə 12 yaşdan yuxarı şagirdləri, yeniyetmələri və gəncləri əhatə edən tədbirlər həyata keçiririk. Maarifləndirmə işini həm sosial şəbəkələr üzərindən, həm də canlı tədbirlər vasitəsilə aparırıq. Xüsusilə gənclərin kütləvi şəkildə toplaşdığı məkanlarda bu mövzuda geniş izahat işləri aparırıq. Məqsədimiz bu yaş qrupunu vaxtında məlumatlandırmaq və narkotik təhlükəsi ilə üzləşmədən əvvəl onları düzgün istiqamətləndirməkdir. Gənclərin narkotik vasitələrə cəlb olunmaması üçün biz ilk növbədə onları maarifləndiririk və asudə vaxtlarının düzgün təşkilinə kömək edirik. El arasında bir deyim var: “dəcəl uşaqlar”, “dərsdən yayınan uşaqlar”, “gec tərbiyə olunan uşaqlar”. Biz məhz bu kateqoriyaya aid yeniyetmələrlə daha çox işləməyə üstünlük veririk. Çünki bu cür uşaqları yoldan çıxartmaq, pis vərdişlərə və zərərli mühitə cəlb etmək daha asandır”.
“Bəs bu uşaqları necə müəyyən edirik? Məktəblərdə müəllimlər və pedaqoqlarla sıx əməkdaşlıq qururuq. Onlarla birgə çalışaraq siniflərdə hansı şagirdlərin daha riskli qrupda olduğunu öyrənirik. Məsələn, dərslərdən yayınan, davranış problemi olan, sosial baxımdan passiv və ya aktiv risk daşıyan şagirdləri müəyyənləşdiririk. Hədəf qrup olaraq bu cür gənclərlə birbaşa işləməyə üstünlük veririk. Əsas məqsədimiz odur ki, heç bir gəncimiz narkotik aludəçiliyinin qurbanına çevrilməsin. İstəyirik ki, bütün gənclərimiz bu bəladan uzaq olsun. Bu məqsədlə həmin yeniyetmələrlə daha sıx təmasda olur, onlarla maarifləndirici görüşlər keçiririk. Onlarla dost münasibəti qurmağa çalışırıq, onlara yaxın oluruq ki, narkotik istifadəsinə təşviq edən şəxslərdən və mühitdən uzaqlaşdıra bilək. Yəni, təkcə maarifləndirmə ilə kifayətlənmirik, həm də onlara alternativ yollar, sağlam və təhlükəsiz inkişaf imkanları təqdim edirik”, – həmsöhbətimiz vurğulayıb.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil müəssisələri üzrə tədqiqatçı Elmin Nuri isə hazırda orta ümumtəhsil müəssisələrində narkomaniya ilə mübarizə istiqamətində ən vacib işin maarifləndirici layihələrin həyata keçirilməsi olduğunu bildirib.
O, qeyd edib ki, son illərdə rəsmi qurumlar və qeyri-hökumət təşkilatları ilə təhsil müəssisələri birgə bir sıra maarifləndirici layihələr həyata keçiriblər və bu layihələrin əksəriyyəti məktəbdaxili tədbirlər formasında keçirilib, şagirdlər üçün tərbiyəvi proqramlar hazırlanıb.
E. Nuri xüsusilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və digər regional təhsil idarələrinin son illərdə müxtəlif məktəblərdə analoji mövzuda maarifləndirmə tədbirləri keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, kəmiyyət göstəricilərinə əsasən, məktəblərdə narkomaniya ilə mübarizənin qənaətbəxş səviyyədə aparılması demək mümkündür, lakin məktəblərin bu sahədəki resurs və infrastruktura malik olmasının səviyyəsi barədə danışmaq çətindir.
Ekspert bildirib ki, xarici təcrübədə də narkomaniya ilə mübarizənin böyük əksəriyyəti maarifləndirmə kontekstində təşkil olunur:
“Arzu edərdik ki, məktəbdaxili mübarizə yalnız maarifləndirmə ilə məhdudlaşsın, digər cəza tədbirlərinə və ya alternativ yollara əl atılmasın”.
O, həmçinin qeyd edib ki, Azərbaycan məktəblərində narkomaniya ilə mübarizənin nəticələri artıq özünü göstərməkdədir və məktəblərdə müəyyən davranış pozuntuları və bullinq halları olsa da, narkomaniya ilə bağlı ciddi problemlər demək olar ki, yoxdur.
Ekspert məktəblərdə psixoloji və sosial xidmətlərin əhəmiyyətindən də danışıb. Onun sözlərinə görə, bu sahədə ciddi ehtiyaclar mövcuddur.:
“Orta təhsil müəssisələrində ‘məktəb psixoloqu’ ştatları var, amma onların sayı kifayət deyil və fəaliyyətləri ilə bağlı fikirlər birmənalı deyil. Psixoloqların sayı azdır, yaradılan şərait və sosial rifahları isə kifayət etmir. Məsələn, qanunvericiliyə əsasən, hər 500 şagirdə bir psixoloq düşür. 1200 şagirdli məktəbdə isə 2 psixoloq işləməlidir. Lakin bəzən bu psixoloqların peşə bacarıqları aşağı olur, aralarında məktəb rəhbərliyinin texniki işlərini görənlər də olur. “Bir məktəbdə ən vacib simalardan biri psixoloqdur. Təəssüf ki, məktəblərdə psixoloqların konsultasiya aparacağı kiçik də olsa kabinetləri yoxdur. Bu şəraitdə onlar şagirdlərlə fərdi söhbət aparmaqda çətinlik çəkirlər”, – deyə ekspert vurğulayıb.
Müsahibimiz yekunda ümumilikdə bu istiqamətdəki problemlərin çox olduğunu və həll yollarının tapılmasının vacibliyini qeyd edib.
Məsimə Məmmədova
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.