elcinBu gün “Aznews.az” saytının 4 yaşı tamam olur. “Qafqazinfo” bu münasibətlə saytın baş redaktoru Elçin Zahiroğludan müsahibə alıb. Müsahibəni olduğu kimi təqdim edirik.

– 4 yaşınız tamam olur. Bu 4 ildə hədəfinizə çatmısınızmı?

– Mənim üçün hədəf uzun müddət getdiyin bir yolun sonunda görünən işıq deyil. Desəm ki, hədəfim yoxdur, bilmirəm necə başa düşülər. Təbii ki, söhbət jurnalistikadan gedir. Açığı, “Aznews.az” saytında baş redaktorluğa başladığım gündən heç bir hədəf barədə düşünməmişəm. Bəlkə, ona görə ki, oxşamaq istədiyim sayt, mətbuat qurumu yox idi. Elə başa düşülməsin saytlarımızı bəyənmirəm. Sadəcə bilirəm ki, tirajlı, nüfuzlu media qurumlarının heç birinə oxşamaq mümkün deyil. Bizdə media qurumları ya şəxslərin xarakterləri üzərində formalaşıb, ya da hansısa siyasi xətt yürüdür. Həmin saytlara oxşamaq üçün gərək ya həmin xarakterə sahib olasan – bu, absurddu, ya da həmin siyasəti yürüdəsən, bu da mümkün deyil. Məncə, media qurumlarında bu nüanslar, ümumiyyətlə, hiss olunmamalıdır. Heç olmazsa, lap gec hiss olunmalıdır. Başlayanda bir məqsədim olub: özüm, imzam, münasibətim, hər hansı marağım yox, xəbərim görünsün. Üstü bərk-bərk basdırılan məlumatları oxucular bizdən alsın. Bu niyyətlə də həmişə xəbərin dalınca dayanmadan qaçdıq. Hədəfimiz də xəbər tutmaq, məlumat ovlamaq idi, əgər buna “hədəf” demək mümkündürsə. İndi “AzNews” oturuşmuş, öz auditoriyası olan və xəbər ənənəsini formalaşdırmış bir media qurumudur.

– Azərbaycanda bu gün saytların sayı həddindən artıq çoxdur. Əksəriyyəti də bir-birini istinad məsələsinə görə ittiham edirlər. Siz də bu hallarla rastlaşırsınız. Necə mübarizə aparırsınız?

– Bu istinad problemini əslində, heç vaxt faciəyə çevirmirdim, anlayışla qarşılayırdım. İri-iri saytların xəbər qaynağı olmağa hələ layiq olmadığımızı da düşünürdüm. Buna görə də istinad olunmamağımız bizi davaya çəkmədi, əksinə, daha çox işləməyə sövq elədi. Biz istinad üçün redaksiyalara zəng eləmək, hər hansı etiraz yazıları hazırlamağa vaxt itirmək istəmirdik. Əksinə, həmin vaxtı oğurlanmış xəbərin təfərrüatlarını və yaxud rəsmi qurumların o xəbərlə bağlı mövqeyini öyrənməyə sərf etdik. Bəzən dostlarımız xəbərimizi istinadsız yayan saytlara zəng eləməyi, onlara dava açmağı tövsiyə edib, başqa cür mümkün olmadığını bildiriblər. Lakin mən utanmışam, hansısa media rəhbərinə, Azərbaycan jurnalistikasına töhfə verən, insanları informasiya ilə təmin edən kapitanlara, jurnalistlərə zəng edib, onlara oğurluq etdiklərini xatırlatmağa. Bəzən ən vicdansız adamı belə öz adıyla çağırmağa qıymırsan.
İndi vəziyyət xeyli dəyişib, həm bizə olan münasibət, həm də məsələlərə yanaşmağımız. Bütün hallarda indi də hesab edirəm ki, bu məsələlər ictimailəşməməlidir. Bu, mətbuatın mətbəxidir. Mətbəx söhbətləriylə oxucuları yormağa dəyməz.
Həm də ki, bu sahədə yeni mərhələ başlamalıdır. İstinad eləməmək yox, istinad etmək ayıb hesab edilməlidir. Demək istəyirəm ki, “copy-paste” erası bitməlidir. Yoxsa hər gün yağışdan əvvəl də, sonra da cücərən çatısız, gödənsiz saytların qarşısını almaq olmayacaq.

– Bir ara Azərbaycanda sayt açmaq dəbdə idi. Sayt yaratmaq asan olsa da, onu oxunaqlı etmək bir qədər çətindir. Bir saytı oxunaqlı etmək üçün nə lazımdır? Siz sayt rəhbəri kimi nə etdiniz ki, oxunaqlılar siyahısına daxil ola bildiniz?

– “AzNews.az” mənim onlayn media ilə ilk tanışlığım idi. Qəzetlərdə çalışmışam, sonra bu sahədən uzaqlaşıb bələdiyyə üzvü seçilmişəm. Bu işlərə başlamamışdan öncə internet televiziyalarının birində redaktor idim. Ümumiyyətlə, xəbərlə demək olar ki, heç vaxt işləməmişdim. Yadımdadır ki, bu işə tam fərqli bir əhval-ruhiyyə ilə başlamışdım. Bu, əslində, təhlükəli əhval idi. Az qala qurban getmək missiyası kimi bir hisslər var idi. Media qurumunun nüfuzu, təsir gücü və missiyası, cəmiyətə və dövlətə xidməti bizimçün öz təhlükəsizliyimizdən, “arzu olunmaz adama” çevrilməyimizdən həmişə xeyli öndə duran məsələ olub. Mənə elə gəlir ki, bu fikir, redaktə etdiyim son kitabın yaratdığı effekt idi. “AzNews.az”dan əvvəl çalışdığım internet televiziyasında həm də tərcümə kitablarının redaktəsi ilə məşğul olurdum və sayt fəaliyyətə başlayanda Markesin “Qaçırılma” povestini yenicə redaktə edib bitirmişdim. Qarışıq və cinayətkar ünsürlərin, narkobaronların idarə etdiyi bir cəmiyyətdə jurnalistlərin rolu, onların öz dövlətlərini nizama salmaq üçün çəkdikləri əziyyət və buna görə də qarşılaşdıqları dəhşətli problemlərlə bağlı bir kitabı həyəcanla oxuyursan, redaktə edirsən və belə bir vaxtda özün bir media qurumuna rəhbərlik etməyə başlayırsan. Xəbərə görə jurnalistlərin qaçırılması, onların işgəncəyə məruz qalması, amma öz peşələrinə sadiqliyi və dövlətin düşdüyü çətin vəziyyətdən, cəmiyyəti xaosdan çıxarmaq üçün öz missiyalarını hiss eləmələri məni fərəhləndirmişdi. Bəli, bu kitab mənim saytdakı fəaliyyətimdə, qarşılaşdığım saysız-hesabsız problemlərin qarşısında duruş gətirməyimə, həvəsdən düşməməyimə xeyli kömək etdi. İzlənən vaxtımız da oldu, təhdid olunan, təhqir olunan vaxtlarımız da. Hətta bizi hansısa məlumata görə cəzalandırmaq üçün mənim “Facebook” profilimi oğurlayıb, az qala üç il müddətinə şantaj da etdilər. Hansısa vəzifəli şəxsin övladı barədə yazımıza görə saytımızı dağıtdılar, işimizə mane olmağa çalışdılar. Amma həvəsdən düşmədik, yükümüz bir az da artdı, həm də gücümüzü artırmağa, duruş gətirməyə çalışdıq. Hesab etdik ki, bu sahə demək olar ki, bütün ölkələrdə risklidir, təhlükəlidir.
Amma bizdə xüsusilə təhlükəlidir. Çünki bizdə informasiyaya münasibət bütün təbəqələrdə eybəcərdir. Biz həmişə məmurlardan gileylənirik. Amma gəlin görək, adi vətəndaşın informasiyaya münasibəti, reaksiyası necədir? Hansısa məmur haqqında kəskin bir yazı gedir, hətta “barıtı” artıq da olsa, çox vaxt təmkinli reaksiya görürük. Amma bir müəllim, bir həkim, bir mühəndis barədə balaca bir informasiya ver, gör başına nə oyun açırlar. Bu yaxınlarda adı-sanı bilinməyən, Qaradağın ucqarlarında fəaliyyət göstərən bir şirkət barədə sadəcə şikayət məktubu dərc etmişdik. Səhəri redaksiyamızı idmançılar bürüdü, söyüşün biri bir qəpik, güclə sakitləşdirə bildik. Yəni cəmiyyət olaraq, informasiyaya münasibət çox radikaldır. Adamı bağışlamırlar. Doğulduğum Yardımlı rayonundan 10 il əvvəl Yeni illə bağlı bir reportaj hazırlamışdım. Yazıda Hacıbala Abutalıbovun çilçıraq etdiyi Bakıdan fərqli olaraq, rayonlarda heç bir bayram əhval-ruhiyyəsinin hiss olunmasa da, bir neçə gəncin rayon kənarında qaban ovlayıb tonqal qalayıb, şadyanalıq etdiyi təsvir etmişdim. Donuz ilini donuzla qarşılamalarından, dizə kimi qarın içərisində yeyib-içmələrindən yazmışdım… Gənclərin adını da qeyd etmişdim, biri də qohumum idi. Onun da adı yazıda gedib deyə, düz 10 ildir, ailəlikcə mənimlə danışmırlar. Hətta qohumunun belə amansızlıqla yanaşdığı sahəylə məşğul olmağın ağırlığını məncə izah etməyə gərək yoxdur.

– Hazırda saytın durumu necədir, nə qədər işçiniz var?

– Saytın durumu yaşımızla adekvatdır. İşçilərdən məzuniyyətə gedən də var, gördüyünüz kimi işçilərimizin sayı xeyli azdır. Buna görə də bir “AzNews”çı bir neçə nəfərin işini görür, əzmkarlıq edirlər. Çox sağ olsunlar. Bəzən başqa saytlardan bizə iş istəməyə gələnlər işçilərin sayından xeyli təəccüblənirlər. Kənardan asan görünə bilər, amma operativ sayt böyük zəhmət tələb edir. Gərək işçi sayı çox olsun.

– Saytınızda tez-tez vətandaşların şikayətləri dərc edilir. Bizim saytda da şikayətlərə yer verilir. Bu zaman şikayət edilən müəyyən qurumlar tərəfindən təzyiqlərə məruz qalınır. Qurumlarla necə mübarizə aparırsınız?

– Şikayətlər, onların çapı, həll olunması bizim ən böyük motivasiyamız, adrenalinimizdir. İctimai-siyasi xadimlərdən tutmuş, ədəbiyyat, incəsənət adamına kimi dəfələrlə bizim vasitəmizlə öz problemlərini ictimailəşdiriblər və o problemlər həllini tapıb. Bizim üçün əsas məsələ qaldırdığımız problemlərin həllidir. Bu, bizi hər zaman fərəhləndirir. Elə bir şikayətçi olmayıb ki, onun işıqlandırmaq istədiyi məsələyə biganə yanaşaq. Mütləq çağırmışıq, dinləmişik və xırda bir problemdirsə qısa informasiya formasında da olsa saytda yer vermişik. Bir məqamı da qeyd edim. Saytımıza şikayətə gələn adamların əksəriyyətindən bu cümləni eşitmişik: “Sizin saytınızda gedən şikayətlərə tez reaksiya gəlir, sizdə yaxşı oxunur. Ona görə istəyirəm ki, şikayətim AzNews.az-da dərc olunsun”.
Qanıqara, gərgin, səssiz-səmirsiz cümlələr arasında sanki möcüzə axtaran əməkdaşlarımızın nə vaxtsa qəhqəhə ilə güldüyünü eşidirəmsə, deməli, ictimailəşdirdiyimiz probemlərdən hansısa həll olunub. Bizim üçün əsas budur. Qaldı ki, şikayət olunan qurumların təzyiqi, bizi belə məsələlər artıq təəccübləndirmir.

– Azərbaycan mediasının hazırki vəziyyətini necə qiymətləndirirsiniz? Mediamızı necə görmək istəyirsiniz?

– Media tam gücüylə işləyir. Nə qədər mümkündürsə çalışır, cəmiyyəti informasiya ilə təmin eləyir. Ölkənin mənafeyini qorumağa, ölkə xaricinə də müəyyən informasiyaların yayılmasına yardım edir. Medianın özündən asılı olmayan xeyli çətinlikləri var. Bunların bəzilərinə toxunduq. Məncə, özümüzdən asılı olan məsələlər barədə danışmalıyıq və ilk növbədə məhz bunların həlli üçün çalışmalıyıq. İndi ən çox narahat olduğum məsələ reket jurnalistlərin əslində bütün mediaya qalib gəlməsinin açıqa şəkildə görünməsidir. Bir müddət əvvəl media rəhbərləri onlardan qaçır, özlərindən uzaqlaşdırır, münasibətlərini açıq ifadə edirdilər. İndi vəziyyət dəyişib. Bilmirəm bu, Mətbuat Şurasının “qara siyahısı”nın ağlanmasıyla, bu siyahıdakıların ildırım sürətiylə dəyişib dosta çevrilməsiylə nə qədər bağlıdır, amma eybəcər bir mənzərə yaranıb. Hörmət elədiyimiz, sevdiyimiz, güvəndiyimiz media ağsaqqalları dövlətin də bu məsələlərlə bağlı az qala həyəcan təbili çaldığı bir vaxtda informasiya ilə sırf alver eləyən, açıq-aşkar şantajla məşğul olan saytların pərvazlanmasından narahat olmurlar, bəzən buna hətta şərait də yaradırlar – Arkadaşlıq münasibətləri, birgə layihələr, banner barteri və alverləri… Azərbaycan mətbuatında banner alveri başlayıb. Əgər terrorçuya efir vermək cinayət sayılırsa, reketə, mətbuat terrorçularına saytında banner yeri verməyin adı nədir, görəsən? Məqsədi-məramı hamıya bəlli olan, bannerlərindən şantaj, təhdid yağan saytlardan imtina etməyi rica edirəm.
Bir ağrılı məqam da var. Jurnalistika özünü redaksiyalara qapayıb. Bu yaxınlarda Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlunun bir statusunu oxudum. Yazırdı ki, 20 il öncə saat 11-də redaksiyadan çıxıb, 4-də geriyə qayıdardılar. Hər jurnalist özüylə 20 informasiya gətirərdi və o informasiyaların 4-5-i “dezinformasiya” olardı, bir müddətdən sonra o dezinformasiyalar da doğrulardı. Dəqiqdir. Təsəvvür edin, hər biri 20 informasiya. 5 jurnalist 100 informasiya gətirib. Bu gün isə, bir sayt özünün 20 informasiyasını verə bilsə, həmin gün bayram edər. Jurnalistərimiz texniki işçilərə çevrilməyə başlayıblar. Bu tendensiya aradan qalxsa, yaxşı olar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."