BNA-dan avtobus manipulyasiyası: “Qurum tıxac problemi ilə mübarizədə əlacsız durumdadır”

Bakı Nəqliyyat Agentliyi açıqlama verib ki, əgər adi rejimdə xətlərə 2100-2200 avtobus çıxırdısa, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla xətlərə 1900-2000 avtobus çıxarılır. Son zamanlar, xüsusilə pik saatlarda müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda müşahidə edilən gecikmələri nəzərə alsaq, avtobusların sayının azaldılması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında bildirib ki, BNA-nın avtobusların sayını azaltması inandırıcı deyil, sadəcə özlərini sığortalamaq üçün irəli sürülən bir fikirdir:

“Əslində, hər bir kənd və qəsəbənin bəlli avtomobil nəqliyyatı tutumu var. Bu tutuma uyğun olaraq ərazi lazımi nəqliyyat vasitələri ilə təmin olunmalıdır. Bakı şəhərində nəqliyyat yükü nəzərdə tutulan normativdən 2-3 dəfə artıqdır. Təbii ki, urbanizasiya problemi zamanla çətinliklərin üzə çıxmasına səbəb oldu. Belə ki, paytaxtın yükünü azaltmaq üçün müəyyən nazirliklərin, universitetlərin şəhər kənarına çıxarılmaması, şəhərsalmada aparılan bəzi qanunsuz gedişlər, tikintilərin Bakının mərkəzinə doğru irəliləməsi fəsadların yaranmasına yol açıb. Artıq Bakı şəhəri nəqliyyat vasitələri ilə dolub.

Bakı Nəqliyyat Agentliyi tıxac problemi ilə mübarizədə əlacsız durumdadır. 2100 sərnişin avtobusunun 1900-ə salınması ilə bağlı açıqlama sadəcə bir manipulyasiyadır. Avtobusların sayı azaldılsa belə, paytaxtda yaranan tıxacların qarşısını almaq mümkünsüz olacaq. Şəhərin prospektləri sərnişindaşımanı həyata keçirmək üçün uyğun deyil. Ona görə də alternativ variantlara keçilməlidir. İlk növbədə, Bakı şəhərində tramvay nəqliyyat vasitəsinin işə salınması həddən artıq vacibdir. Tramvay nəqliyyatını vaxtilə sıradan çıxardanlar da cinayət məsuliyyətinə cəlb olunmalıdır. Dünyanın əksər inkişaf etmiş ölkələrində tramvaydan istifadə olunur. İkincisi, metrobusların fəaliyyəti tətbiq olunmalıdır. Məsələn, İstanbulda tıxacı aradan qaldırılan əsas nəqliyyat vasitələrindən biri metrobuslardır.

Yeni tədris ilinin başlamasını nəzərə alsaq, insanlar daha çox fərdi nəqliyyata üstünlük verəcəklər. Bu, insanların yollarda daha çox qalmasına yol açacaq. Bununla yanaşı, dayanacaqlarda müşahidə olunan sərnişin sıxlığı narazılığa səbəb olur. Əgər BNA, həqiqətən də, avtobusların sayını azaldıbsa, bu, səhv addımdır”.

Gülşən Şərif

COP29