ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Con Boltonun yeni yayınlanan qalmaqallı kitabı haqqında çox danışılır. Bolton kitabındakı misallarla Trampın siyasətdə naşı oldüğünü göstərib. Trampın Finlyandiyanın Rusiya ərazisi hesab etməsindən tutmuş Böyük Britaniyanın nüvə silahına malik olması barədə məmulatlı olmamasına dair fikirlər var kitabda. Ancaq Boltonun kitabında diqqətimi daha çox onun Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlarındakı bir neçə detal çəkdi.
Yenicag.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Boltonun qeydlərini şərh edərkən deyib.
O bildirib ki, Rusiya ilə İran tərəfdaş olduqları və Suriyada birgə hərəkət etdikləri bəllidir. Ancaq Putinin Boltona söylədiklərindən aydın olur ki, Putinin İrana etibarı yoxdur. Məsələn Putin Boltona bunları deyib: “Trampa çatdırın ki, iranlıların Suriyada varlığından Rusiya heç nə qazanmır. İranın Suriyada fərqli maraqları var. İran Livanda şiə qrupları dəstəkləməklə bizim maraqlarla tərs düşür. İranın mövqeyi rusların Əsədə verdiyi dəstəyə də problemlər yaradır. Biz Suriyada xaos istəmirik. İranın isə Suriyada geniş maraqları var. Bu məsələni mən İsrailin baş naziri Benyamin Netanyahu ilə də müzakirə etmişəm”.
Şübhə etmirəm ki, İran rəsmiləri və din xadimləri Putinin Boltona İranla bağlı söylədiklərini diqqətlə oxuyacaqlar. Putinin İranı İsrailin baş naziri ilə müzakirə etməsi də Tehranın heç xoşuna gılməyəcək. Ötən il bu vaxtı Tehranda idim. Bu ölkənin diplomatları, deputatları və siyasi ekspertləri ilə görüşlərdən gəldiyim qənaət bu oldu ki, heç Tehranın da Rusiyaya və onun Suriyadakı siyasətinə inamı yoxdur.
Putin Boltonla söhbətdə Ukrayna mövzusuna da toxunub. Boltonun sözlərinə görə, əgər Moskvadakı danışıqlarda Suriya mövzusunda iki tərəf nəsə ortaq nöqtələr tapa bilirdilərsə və bunlardan biri İŞİD-ə qarşı mübarizə idisə, Ukrayna mövzusunda tam əks fikirdə olublar. Buna baxmayaraq, Putinin Boltona Krımla bağlı söylədiyi fikir diqqəti çəkir. Putin ABŞ-ın keçmiş prezidenti Barak Obamanın ona vədini xatırladıb: “Barak Obama 2014-cü ildə mənə vəd etmişdi ki, Rusiya Krımla kifayətlənsə, münaqişəyə son qoyacaq və Amerika mövcud vəziyyəti qəbul edəcək. Ancaq Barak Obama vədini yerinə yetirmədi və indiki böhranlı duruma gəlib çıxdıq”.
Görünür, Obama Putini anlatmaq istəyib ki, Rusiya Donbasdakı separatizmə dəstək verməsə və bu bölgəni Ukraynanın ərazisi kimi tanısa Vaşinqton Krımın ilhaqına göz yummağa hazırdır. Ancaq məsələ burasındadır ki, Putin Krımla kifayətlənmədi, Ukraynanın parçalanması planını işə saldı. Elə ona görə də Barak Obama vədindən vaz keçdi. Ancaq əgər Putin Donbass əməliyyatına başlamasaydı belə, ABŞ Konqresi, diplomatları və generalları Barak Obamaya Krımın ilhaqını qəbul etməyə imkan verməyəcəkdilər.
Con Boltonun sözlərinə görə, onunla Putin arasında görüş saat yarım çəkib və görüşün sonunda hərə öz mövqeyində qalıb. Bundan bir neçə gün sonra Putin amerikalı həmkarı Donald Trampla Finlyandiyada görüşüblər. Bolton yazır ki, həmin görüşün az qala 90 fazində ancaq Putin danışıb. Putin həmin görüşdə yenə İran mövzusuna qayıdaraq ABŞ-ın nüvə anlaşmasından çıxmasının onu az narahat etdiyini bildirib.
Con Boltonun kitabı bir daha göstərir ki, böyük dövlətlərin liderləri bağlı qapılar arxasında problemli məsələləri necə həll etməyə çalışırlar. Obama Krımı güzəştə getməyə hazır olduğunu bildirir, Putin isə İranla Suriyadakı tərəfdaşlığın Rusiya üçün faydalı olmadığını etiraf edir. Con Bolton müşavir olduğu dönəmdə Azərbaycan və Ermənistanda da səfərdə olub. Onun bu səfər və görüşlər barədə qeydlərini oxumaq da maraqlı olardı, əgər keçmiş müşavir kitabda Cənubi Qafqaza səfəri barədə yer ayırmağı lazım bilibsə…
Elxan ŞAHİNOĞLU,
Politoloq
www.yenicag.az