“Mədəniyyət” kanalında yayımlanan “Keçmişdən gələcəyə” televiziya verilişinin aparıcısı, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi və tarix elmlər doktoru Güllü Yoloğlu sözügedən verilişində saxta “Böyük Ermənistan” xəritəsinin kadrarxası efirə verilməsinin səbəblərini açıqlayıb.
Yenicag.az xəbər verir ki, teleaparıcı Güllü Yoloğlu Ölkə.az-a açıqlamasında bildirib ki, verilişində saxta “Böyük Ermənistan” xəritəsinin kadrarxası efirə verilməsi bilavasitə rejissor səhvi olub.
O, sözügedən verilişin rejissoru Davud Mikayıllının proqramdan uzaqlaşdırılaraq cəzalandırıldığını söyləyib:
“Bu barədə mətbuatda yazılmamışdan öncə biz məsələni araşdırdıq, rejissorun izahatını aldıq və Davud Mikayıllıya lazımi cəza verildi. Əslində, Davud Mikayıllı başqa verilişin rejissoru idi. Verilişin rejissoru məzuniyyətdə olduğu üçün Davud Mikayıllı onu əvəz edib. Biz Davuda çıxışçılarla bərabər, kifayət qədər material vermişdik. Natiq Alışov 100-ə qədər foto və videomaterial vermişdi. Bunlar kifayət edirdi ki, “Keçmişdən gələcəyə” verilişi yaxşı alınsın. Mənim efirdə danışığımda və ya çıxış edənlərin fikirlərində heç bir nöqsan olmayıb. Sadəcə olaraq, həmin verilişə rejissorluq etmiş Davud Mikayıllı nəyə görəsə internetdən “Böyük Ermənistan” yazılmış foto-xəritəni taparaq efirə verib. Halbuki, ona bütün xəritə və digər fotomateriallar əvvəlcədən verilmişdi. Çox vaxt isə heç materialı biz də vermirdik. Sonra biz ondan izahat tələb etdik ki, axı nə üçün bunu etmisən? Rejissor quzu kimi dayanıb üzümüzə baxıb, heç nə demədi. Soruşduq ki, Davud, nə üçün belə etmisən? Dedi ki, internetdən “Albaniya” yazıb bu fotonu tapmışam, üzərində yazılan “Böyük Ermənistan” sözünə diqqət etməmişəm və sairə. Həmin xəritə ümumiyyətlə o verilişdə lazım deyildi”.
Teleaparıcı sözügedən məsələdə heç bir məsuliyyət daşımadığını deyib:
“Mən rejissora nə xəritə, nə də digər material verilməsini tapşırmışam. Ümumiyyətlə, bizim o verilişdə xəritə göstərmək fikrimiz olmayıb. Rejissora əvvəlcədən kifayət qədər də material verilmişdi. Mənə elə gəlir ki, Davud Mikayıllı məqsədli şəkildə bunu etməyib. Sadəcə, düşünüb ki, mən də bir iş görüm, buna görə də internetdən xəritə axtarıb üzərində yazılan sözləri oxumadan efirə verib. Yəni mən bunun məqsədli şəkildə edildiyini düşünmürəm. Davud Mikayıllı elə adamdır ki, o heç zaman siyasətə qarışan deyil, siyasi partiyalardan xəbəri yoxdur. İnandırım ki, başını aşağı salıb sakitcə işləyən və ailəsinə çörəkpulu aparan adamdır. Ola bilər ki, Davud Mikayıllı, bəlkə də, fikirləşib ki, mən də rejissoram, mənim də nə isə işim olsun. Nəticədə də qaş düzəltdiyi yerdə vurub göz çıxarıb. İndi də onu danlayırsan, izahat istəyirsən, adamın üzünə quzu kimi baxıb lal dayanır. Adam da bilmir ki, buna necə cəza versin. Axı nə edək ona? Adamın iki körpə uşağı var, biri isə bu yaxınlarda doğulub. Ümumiyyətlə, işdən çıxarılsa, bu nə qədər düzgün olar? Digər tərəfdən isə onu işdən çıxartmaq mənim səlahiyyətimdə deyil. Rəhbərlik də belə qərar verib, onu cəzalandırıb. Artıq o, verilişdən tam kənarlaşdırılıb”./globalinfo
www.yenicag.az