“Böyük iqtisadiyyat” illüziyası BİTİR – Rusiya reallıqla TOQQUŞDU
“Sanksiyalar 2-3 il ərzində öz real təsirini daha da göstərməyə başlayacaq”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli deyib.
O, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların iqtisadiyyata təsirindən danışıb.
Politoloq bildirib ki, hər bir sanksiya öz təsirini göstərir:
“Rusiyanın iqtisadiyyatı yalnız daxili amillərdən asılı deyil. Məlumdur ki, Rusiyanın ərazisi böyükdür, təbii resursları boldur, lakin ölkənin iqtisadi vəziyyəti daha çox xarici ölkələrlə olan əlaqələrindən, xüsusilə də qabaqcıl iqtisadiyyatlara sahib ölkələrlə münasibətlərindən asılıdır. Bu səbəbdən tətbiq olunan sanksiyalar mövcud şəraitdə Rusiyanın iqtisadiyyatına mənfi təsir göstərir. Nəticələrini isə daha çox Rusiya dövləti deyil, sıravi vətəndaşlar, iş adamları və ölkə iqtisadiyyatının iştirakçıları hiss edirlər”.
“Doğrudur, Rusiyanın iqtisadiyyatı böyükdür, geniş resurs bazasına malikdir. Müəyyən sahələrdə daxili istehsala əsaslanır. Bu isə deməyə əsas verir ki, sanksiyalar təsir göstərsə də, hələlik Rusiyanın iqtisadiyyatını tam şəkildə çökdürə bilməyib. Sanksiyalar ilk dəfə 2014-cü ildə Krım hadisələri ilə əlaqədar tətbiq olunmağa başladı. Sonrakı illərdə də artaraq davam etdi. Proqnozlara əsasən, bu sanksiyalar 2–3 il ərzində öz real təsirini daha da göstərməyə başlayacaq. Hazırda da təsirlər hiss olunur, lakin Rusiyanın iqtisadiyyatı hələ ki, ciddi şəkildə zərbə almayıb”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli