"Böyük parçalanma" BAŞLAYIR: ABŞ və Fransa NATO-dan imtina edir?
“NATO yarandığı gündən bu yana ən kritik dövrlərindən birini yaşayır”
Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O, NATO-nun dağılması ehtimalı barədə fikirlərini səsləndirib.
Hərbi ekspert bildirib ki, dağılmaq təhlükəsindən danışmaq hələlik düzgün olmaz. Lakin üzv ölkələrin sayında azalma prosesini bundan sonra da müşahidə edə bilərik:
“Fransa NATO-dan əvvəllər də ayrılıb və bunun üçün zaman-zaman müxtəlif münaqişəli vəziyyətləri bəhanə gətirib. Lakin indiki şəraitdə Fransanın NATO-nun dominantlıq etdiyi bir blokdan ayrılması, təbii ki, digər ölkələr üçün də presedent yarada bilər.
Hazırda Danimarkaya qarşı ABŞ tərəfindən səsləndirilən təhdidlər digər ölkələrin bu məsələyə kifayət qədər sərt reaksiya verməsi ilə nəticələnib. Bununla yanaşı, məsələ ondadır ki, ABŞ-ın özü də artıq NATO-da əvvəlki qədər aktiv olmaq niyyətində deyil. Çünki NATO olmadan da ABŞ istənilən hərbi-siyasi problemini təkbaşına həll etmək imkanına malikdir və biz bunun dəfələrlə şahidi olmuşuq”.
Ekspert həmçinin vurğulayıb ki, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi bir dövrdə Avropa ölkələri bu sanksiyalara tam şəkildə əməl etməyiblər:
“Rusiya ilə neft, qaz və digər sahələrdə əməkdaşlığı davam etdirdilər. Belə olan halda, NATO-nun hazırda yarandığı gündən bu yana ən kritik dövrlərindən birini yaşadığını demək olar. Dağılmaq təhlükəsindən danışmaq hələlik düzgün olmaz. Lakin üzv ölkələrin sayında azalma prosesini bundan sonra da müşahidə edə bilərik. NATO-nun tam dağılması isə hazırkı mərhələdə aktual görünmür”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












