!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük patronların “Palmali”nin yubileyindən səssiz mesajları - Aqil Ələsgər yazır

!Reklam – Yazi

Dekabrın 21-də Çırağan sarayında idik. Sahibi azərbaycanlı olan, xaricdə ən çox vətəndaşımızı işlə təmin edən bir şirkətin – “Palmali”nin 20 illiyi idi. 400 nəfər qonaq çağrılsa da, gələnlərin sayı 500-ü keçmişdi. Rusiya, ABŞ, Avropa ölkələri, Azərbaycan və digər yerlərdən gələn mötəbər qonaqlar… Beş qitə, 7 dənizdə fəaliyyət göstərirsə, o qədər də qonağı olsun, deyək keçək mətləbə… 

Qonaqlar arasında kimlər yox idi ki?! Bülent Əczaçıbaşı, Fatih Saraç… Yox, qonaq siyahısına keçmədən öncə bir məsələyə diqqət çəkmək istəyirəm. Sonra siyahıya davam edərik. İş dünyası başqa sahələrə bənzəməz. Postsovet ölkələrinin heç birində doğru-düzgün milli burjuaziya formalaşmadığından, məmurların iş dünyasında rolu hər şeyin önünə keçdiyindən bu məsələni bir qədər izah etməkdə fayda var.  Türkiyə başda olmaqla inkişaf edən və etməkdə olan dövlətlərdə iş dünyasının yazılan və yazılmayan sərt qaydaları var. İş dünyasının dəyişməyən qaydalarından biri “düşəni yemək qanundur”sa, digəri “sərmayə qorxaqdır, ən kiçik təhlükədə qaçar”. 

Nədən bu mövzuya toxundum. Çünki Azərbaycanda millətə, onun dilinə, ənənəsinə həqarətlə baxanların başında dayananların hər həftəsonu-aybaşı müraciət etdikləri bir mövzu var: “Mübariz Mənsimovun gəmisi həbs olundu, özü də müflis oldu”. 

Son iki ildə təkcə “Mübariz Mənsimovun gəmisi həbs olundu” mövzusunda Azərbaycan mətbuatında 30100 yazı dərc olunub, 18500 isə ““Palmali” müflis oldu” yazısı yayımlanıb. Və o yazıların 97,8 faizində müflis elan etdikləri şirkətin mövqeyini öyrənməyə cəhd belə edilməyib. Səbəb isə bəllidir: “Palmali”nin mövqeyi öyrənilərsə, aybaşında çirkli kanaldan gələnlər kəsilər. 

Mən heç onlara “azərbaycanlısınızsa, niyə “Palmali” ilə bağlı mənfi xəbərə sevinirsiniz” sualını vermirəm. Bu gün “Palmali” sadəcə yükdaşıma şirkəti deyil ki… Ehtiyac qapısıdır, dara düşənin son anda hayqırdığı addır, məktəbdir, xəstəxanadır…  

Nə isə. Mətləbdən çox iraq düşməyək. Söhbətin əvvəlində nə dedim? Bu yubileyin ən önəmli iki mesajı vardı. Bunlardan ən başlıcası Türkiyənin nüfuzlu iş adamlarının Mənsimovun yanında olduqları mesajını vermələri idi. 

Bəli, siyahıya qayıda bilərik. Bülent Eczacıbaşı, Fikret Orman, Hakan Ateş, Fettah Tamince, Fatih Saraç, Mustafa Taviloğlu, Murat Tokat, Mustafa İlbak, Zafer Yıldırım, Ercan Saatçi, Taylan Bilgen, Mehmet Akbay, Serra Tokar, Ali Ağaoğlu, Ali Kibar, Hamdi Akın, Hasan Yeşildağ… Siyahını uzatmaq olar. Ancaq bu ismini saydıqlarım Türkiyənin para babalarıdır. Yəni, bu ölkədə iş dünyası dedikdə, ilk ağıla gələn isimlərdir və bunlar əsla zəif olanın yanında yer almazlar. Bülent Eczaçıbaşı ya da Fatih Saraç o gün keçirilən digər mötəbər toplantıları qoyub, Mübariz Mənsimovun məclisinə gəlirlərsə, mövzunu uzatmağın yeri yoxdur. Cavab sadədir: Bu nəhənglər Mənsimovu seçiblər və ona inanırlar. 

İkinci məsələyə gəlincə, “Dəniz Bank”ın baş direktoru Hakan Ateş Bodrumda “Palmali”yə qarşı oynanan oyunları səhnədən anlatdıqca, azərbaycanlı olaraq, xəcalət təri tökürdüm, başqaları anlamasa da. Çünki “mənim şirkətimdə əsla erməniyə yer ola bilməz” deyən Mənsimova tələ quran, adamlarını satın almaq istəyənlər sapı özümüzdən olan ya da görünən baltalardan başqası deyil. Təəssüf ki, bunu sadəcə biz deyil, Mənsimovun yanında dayanan Türkiyənin nəhəng iş adamları da bilir. Bax həm də bu kimi səbəblər o iş adamlarını ölkəmizdən iraq salır. Sonra da Türkiyədən Azərbaycana böyük iş adamlarının sərmayə qoymamasından narazılığımızı bildiririk.  

Söhbət təkcə Mənsimovdan da getmir. Ölkələri ayaqda saxlayan inzibati resurs dəyənəyinə sahib olmayan iş adamlarıdır. Onları qorumalı, vəzifə səlahiyyətlərindən sui-istifadə edib sərvət toplayan məmurların ayağına verilməməliyik. Milli burjuaziya inkişaf etdirilməlidir ki, ölkədə sənayesindən kənd təsərrüfatına, bütün sahələr inkişaf etsin. Daha ölkənin pulları Nyu Yorkda, Vyanada, Stokholmda, Kopenhagendə, Münhendə, Nikosada yuyulmasın, daşınmaz əmlaka yatırılmasın. Təəssüf ki, son illərdə bu arzunun əleyhinə bir gedişatın şahidi oluruq. Prezidentin tam əksini istəməsinə rəğmən…  

Aqil Ələsgər

İstanbul, 27 dekabr 2018-ci il

COP29

www.yenicag.az

8514
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv