“Azərbaycanda azad bazar iqtisadiyyatı olduğuna, heç kim bir-birinin işinə qarışmadığına, aidiyyatı orqanlar yoxlamalar aparmadığına görə, biznes qurumları bundan sui-istifadə edərək, brend adı altında saxta geyim malları satılır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında brend adı altında satılan saxta geyimlər və həmin geyimləri alarkən diqqət olunması lazım olan məqamlar haqda danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyinə hər dəfə “brend malları hansı yolla seçmək olar” kimi müraciətlər daxil olur.
“Brend sözü yunan dilindən tərcümədə damğa deməkdir. Əvvəllər heyvanları bir-birindən ayırmaq məqsədilə onlara damğa vururdular. Müasir mənada brend istehlakçının beynində, psixologiyasında eynicinsli mallar arasından xüsusi bir mal kimi yer alıb. Azad İstehlakçılar Birliyinə hər dəfə “brend malları hansı yolla seçmək olar” kimi müraciətlər daxil olur. Təbii ki, brend geyimlərin qiyməti baha olur. Burada istehlakçını aldatmaq, beyninə yeritmək üçün çox böyük reklam kampaniyaları keçirilərək, brend malı onu düşüncəsinə daxil edirlər. Lakin bəzən müəyyən brend mal bir müddət sonra öz-özünə sıradan çıxa bilir”, – deyə o bildirib.
E.Hüseynov deyir ki, Azad İstehlakçılar Birliyinə brend mal məsələsində ən birinci şikayət brend və bahalı malların rəng verməsi məsələsidir:
“Məsələn, kimsə şalvar yaxud çanta alır və bu malların rəngi digər geyimlərə keçə bilir. Bu, Azərbaycanda brend malların geniş yayılmış nöqsanlarından biridir. İlkin araşdırmalar göstərir ki, həmin mallar brend mal adı altında hazırlanmış mallardır. Təsadüfi deyil ki, bir neçə il bundan öncə dövlət orqanları guya brend malar satan mağaza aşkarladı və orada həbslər həyata keçirdi. Azərbaycanda azad bazar iqtisadiyyatı olduğuna, heç kim bir-birinin işinə qarışmadığına, aidiyyatı orqanlar yoxlamalar aparmadığına görə, biznes qurumları bundan sui-istifadə edərək brend adı altında saxta geyim malları satılır. Hətta bir neçə il bundan öncə şəhərin mərkəzində geyimlərin üstünə brend yarlıqlar yapışdıraq, satan başqa bir geyim mağazası da var idi. Müştərilər də bu yarlıqlara aldanaraq həmin geyimləri alırdı və bu cür aldadılırdı”.
Mütəxəssis əlavə edib ki, istehlakçılar brendlə saxta malı bir-birindən ayırmaq üçün ilk növbədə onun etiketini diqqətlə oxumalıdırlar:
“Etiketdə əlaqə nömrəsi və “email” olmalıdır. Əgər müştəri ayaqqabı alırsa, brend ayaqqabı adı altında tikilən və dəri olmayan ayaqqabını hər yerindən qatlayıb dırnaqdan kiçik bir hissə kəsib yandırmaq lazımdır ki, o dərinin iy verib, yaxud verməməsi bilinsin. Sənaye malları-parçalarda etiketin tikilməsinə xüsusi fikri vermək lazımdır. Saxta geyimlərin parça etiketləri çox diqqətlə tikilmir və tez sökülür. Əslində, istehlakçının brend malın istənilən sənədini tələb etməyə hüququ var. Lakin ölkəmizdə satılan malların 90 faizinin, ümumiyyətlə, heç bir sənədi yoxdur. Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 95 saylı qərarının pozulması-istehlakçı hüquqlarının pozulmasına gətirib çıxaran amillərdən biridir”.
İsmayıl Bakuvi
www.yenicag.az