Britaniya səfirliyi Caparidzenin həbsinə MÜNASİBƏT BİLDİRDİ
Britaniyanın Gürcüstandakı səfirliyi müxalifətdə təmsil olunan “Dəyişikliklər Uğrunda Koalisiya”nın liderlərindən biri – Zurab Girçi Caparidzenin həbsini tənqid edib.
Yenicag.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində yayımlanan bəyanatda deyilir.
Böyük Britaniya Caparidzenin həbsindən “dərin narahatlıq” keçirdiyini bildirib.
“Siyasi müxalifəti qorxutmağa və susdurmağa yönəlmiş bu həbs tamamilə qeyri-proporsional addımdır”, – deyə bəyanatda qeyd olunub.
Britaniya tərəfi vurğulayıb ki, ölkədə müxalifət partiyalarının qadağan edilməsini nəzərdə tutan qanunun qəbul edilməsi və hakim “Gürcü Arzusu” partiyasının müxalifət partiyalarını konstitusiyaya zidd elan etməsi fonunda bu həbs Gürcüstanda “demokratik geriləmənin daha bir sübutudur”.
“Çoxtərəfli və plüralist demokratiya Avroatlantik dəyərlərin ayrılmaz hissəsidir. “Gürcü Arzusu” Partiyası bu anti-demokratik tədbirləri dərhal ləğv etməlidir”, – deyə Britaniya səfirliyi əlavə edib.
Xatırladaq ki, mayın 22-də Tbilisidə məhkəmə zalında Zurab Girçi Caparidze əvvəlki hakimiyyətin fəaliyyəti ilə bağlı yaradılmış parlament istintaq komissiyasına gəlməkdən imtina etdiyi üçün həbs olunub.
O, 2004–2012-ci illərdə Mixail Saakaşvilinin hakimiyyəti dövründə baş vermiş hadisələrin araşdırıldığı iş üzrə ifadə verməkdən boyun qaçırdığına görə 20 min lari girov ödəməkdən imtina edib.
Gənclər arasında populyar olan Caparidze 2024-cü ilin payızında “Gürcü Arzusu”nun Avropa İttifaqına inteqrasiya prosesini dayandırmaqla bağlı açıqlamasından sonra başlayan küçə etirazlarının ən tanınmış simalarından biridir. Həmin aksiyalar güc strukturlarının sərt müdaxiləsi və hakimiyyətin vətəndaş cəmiyyətinə təzyiqlərinin artması ilə müşayiət olunmuşdu.
Rafi Müslümov