“Ermənistan, Avropa İttifaqı (Aİ) və ABŞ nümayəndələrinin Brüsseldəki görüşü simvolik xarakter daşıyır, Bakı ilə İrəvan arasında sülh prosesində dərhal oyun dəyişdirmək məqsədi daşımırdı”.
Bu barədə “Report”a açıqlamasında britaniyalı jurnalist və siyasi analitik Onnik Krikoryan deyib.
“Görünür, Ermənistanda bəzilərinin bu görüşə ümidi həddən artıq çox idi. Bu, hətta ölkə daxilində və xaricində avropapərəst hesab oluna bilənlərin təmkinli reaksiyası ilə gücləndirilmiş kimi görünür”, – deyə o bildirib.
Bundan əlavə, jurnalistin fikrincə, Brüssel görüşü müəyyən dərəcədə regional qarşıdurmaya səbəb ola bilər:
“Məni narahat edən məsələlərdən biri odur ki, bu görüş xüsusən də Paşinyanın “Sülh kəsişməsi” layihəsinə Aİ və ABŞ-nin dəstəyi kimi şərh oluna bilər. Çünki bu, regionun bəzi ölkələrinin iştirak edəcəyi, lakin digərlərinin maraqlarının nəzərə alınmayacağı geosiyasi layihəyə çevrilmək riski daşıyır. Digər məsələ ondan ibarətdir ki, bu hadisə İrəvanda Qərbin daha böyük gözləntilərinə səbəb ola bilər ki, bu da potensial olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını ləngidə bilər. Bununla belə, vurğulamaq lazımdır ki, həm Paşinyan, həm də partiyasının bəzi üzvlərinin onun nəticəsindən məyus olduğunu iddia edən müxalifət mediası istisna olmaqla, Ermənistanda görüşə reaksiya hələ də təmkinlidir”.
O əlavə edib ki, bu görüş həm də Paşinyana müəyyən dəstək vermək kimi də qiymətləndirilə bilər:
“Baş nazir Brüssel görüşünü böyük uğur kimi təqdim edərək, Qazaxın (Azərbaycanın) dörd kəndini qaytarmaq istəsə, bu onun üçün faydalı ola bilər”.
www.yenicag.az