Ramiz Mehdiyevin vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayan Azərbaycan Prezidenti İlham Əliyevin qərarı dövlət başçısının texnokratları güc heyətinə gətirmək istəyindən xəbər verir.
Yenicag.az xəbər verir ki, bu sözləri Media.Az-a müsahibəsində amerikan ekspert və analitika mərkəzi “Karnegi Avropa Fondu”nun əməkdaşı, Qarabağ münaqişəsi ilə bağlı “Qara bağ” kitabının müəllifi, ingilis politoloq Tomas de Vaal deyib.
“Bu, çox vacib qərardır. Qeyd etməliyəm ki, güclü kommunist keçmişi olan bir insanın köhnə qvardiyadan layiqli şəkildə ayrılması müsbət addımdır. İndi isə gözləmək məcburiyyətindəyik, görək yeni təyinatlar özlərini necə doğruldacaqlar. Ancaq mənə elə gəlir ki, indi hökumətə və prezident administrasiyasına daha gənc, daha aktiv insanlar gəlirlər”, – deyə T.de Vaal bildirib.
İngilis politoloq yeni texnokratların komandasını xüsusilə vurğulayıb:
“Əvvəla, yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovu qeyd etmək istərdim. Mənə elə gəlir ki, yeni komanda daha peşəkar olacaq. İqtisadiyyata, sosial sahəyə gəldikdə isə bu dəyişikliklər Azərbaycan xalqı üçün müsbət addımdır, müsbət dəyişikliklərdir”.
www.yenicag.az