Bu gün Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür.
Yenicag.az xəbər verir ki, 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.
Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib.
Dövlət başçısının 2002-ci il 31 iyul tarixli fərmanı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının komandanı təyin edilib.
Ölkə prezidentinin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 16-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, DSX-nin bir qrup əməkdaşı orden və medallarla təltif olunublar.
Dövlət başçısının digər sərəncamı ilə isə qurumun bir qrup hərbi qulluqçusuna və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib.
www.yenicag.az