“Heydər Əliyevin siyasi davamçısı Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsinə böyük önəm verir”.
Bu sözləri azərbaycançılıq ideologiyası ilə bağlı gedişatı dəyərləndirən deputat Müşfiq Cəfərov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, 90-ci illərdə Azərbaycanı düşdüyü girdabdan çıxaran ümummilli lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının, milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin əsaslarını irəli sürdü:
“Ulu Öndər azərbaycançılığı vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin əsasına çevirdi. Məhz Heydər Əliyevin fəaliyyəti ilə azərbaycançılıq ideologiyası mahiyyətcə real məzmun daşıyaraq reallığa çevrildi.
Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir.
Onun dövlət və vətəndaş anlayışlarını üzvi şəkildə özündə birləşdirən bu ideologiyası Qarabağı cəmi 44 günə azad etmək üçün uğurlu təməl oldu.
Tam əminliklə deyə bilərik ki, Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin ən vacibi, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır.
Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir ki, biz bunun İkinci Qarabağ müharibəsində şahidi olduq, başqa millətdən olan Azərbaycan vətəndaşları könüllü şəkildə ərazi bütövlüyümüz uğrunda savaşdı. Bu da Heydər Əliyevin Azərbaycan üçün yaratdığı bu ideologiyanın sübutu idi.
Düşünürəm ki, azərbaycançılıq – müstəqil, demokratik və ərazi bütövlüyü tamamlanmış bugünkü Azərbaycan dövlətinin ideoloji dayağı oldu. Biz bu dayaq üzərində inkişaf edib, daha da gücləndik. Heydər Əliyevin siyasi davamçısı Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsinə böyük önəm verir və onu məharətlə davam etdirir”.
Gülşən Şərif
www.yenicag.az