Hər il qəbul imtahanlarında keçid ballarında dəyişikliklər müşahidə edilir. Bəs bu il ciddi dəyişikliklər olacaqmı?
Yenicag.az “Xəzər TV”yə istinadla xəbər verir ki, təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli mövzu ilə bağlı proqnozlarını paylaşıb.
Onun sözlərinə görə, yerlərin sayının artırılması planlaşdırılsa da, bu il keçiriləcək qəbul imtahanlarında keçid ballarının azalması gözlənilmir. “İnsanlar düşünür ki, yerlərin sayı artdıqca keçid balları aşağı düşəcək. Mən bunu düşünmürəm. Sadəcə olaraq, qəbul aparılmayan və qəbul faizi aşağı olan ixtisaslarda qəbul yerlərinin dolma faizi artacaq. Bu da universitetlərə əlavə maliyyə stimulu və məsuliyyət gətirəcək” , – deyə Vüsal Kərimli bildirib.
Mütəxəssis qeyd edib ki, 2026-cı ilə qədər tələbə sayı xeyli artırılmalıdır. Ötən ilin statistikasına əsasən, bu il qəbul yerlərinin sayının 5-8 min arasında artacağı proqnozlaşdırılır. Bunun əsas səbəblərindən biri yeni tədris binalarının istifadəyə verilməsidir. Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Bakıda Xəzər Universitetinin yeni binalarının tikilməsi tələbə sayında artımı dəstəkləyəcək.
Eyni zamanda, Vüsal Kərimli vurğulayıb ki, keçid balları enməsə də, qəbul suallarının ötən illərə nisbətən asanlaşdırılacağı gözlənilir. Bu isə qəbul faizinin yüksək olması ilə nəticələnə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
www.yenicag.az