Ölkəmizdə cəmi 1 şagirdi olan 7 məktəb fəaliyyət göstərir. Həmin məktəblər İsmayıllı, Quba, Lerik (hərəsində 2 məktəb) və Ağsudadır (1 məktəb).
Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağsu rayon Axunlu kəndində yaşayan Zəhra Babayevanın 6 yaşı var. O, kənd məktəbinin yeganə şagirdidir. Hazırda birinci sinifdə oxuyan Zəhranı digər məktəblilərdən fərqləndirən, onun sinif yoldaşlarının olmamasıdır. Hər gün məktəbə tək gedir, partada tək oturur. Amma bütün bunlar onu dərslərindən geridə qoymur.
Məktəbin kollektivi cəmi 4 nəfərdən – direktor-müəllim, iki texniki işçi və bir şagirddən ibarətdir.
Otuz ildən çoxdur pedaqoji fəaliyyətlə məşğul olan Zəhranın müəllimi Bədurə Babayeva deyir ki, əslində, onun üçün sinifdə uşaq sayının fərqi yoxdur. Şagird sayından asılı olmayaraq, tədris təyin olunmuş proqram üzrə aparılır: “Əvvəllər məktəbimizdə şagird sayı çox olub, indi isə bir nəfərdir. Bu da kənddə əhalinin sayının az olması ilə əlaqədardır. Amma gələn il 4-5 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində məktəbdə bir neçə şagird təhsil alıb, onlar ibtidai təhsillərini başa vurublar və hazırda qonşu kənddəki ümumi orta məktəbində təhsillərini davam etdirirlər”.
Kənd sakini Səməd Qəmbərov isə bildirib ki, kənddə cəmi 20 ev var. Qonşu kənddə tam orta məktəb olsa da, oraya xeyli məsafə var. “Bizim kəndlə o məktəb arasında 3 kilometr məsafə var. Ona görə də bu məktəbin olması bizim üçün yaxşıdır. Çünki azyaşlı uşaqların o qədər yolu piyada getməsi çətin məsələdir. Ona görə də kəndimizdə dərs keçirilməsi bizə daha uyğundur”, – deyə o əlavə edib.
Xatırladaq ki, ölkəmizdə cəmi 1 şagirdin təhsil aldığı 7 məktəb olsa da, şagird sayı 4000-dən çox olan 10 məktəb də var. Bunlardan 3-ü Abşeron rayonunda, 7-si isə Bakı şəhərindədir. Eyni zamanda, şagird sayı 5000-dən çox olan 3 məktəbin 1-i Bakı şəhərində, 2-si isə Abşeron rayonunda fəaliyyət göstərir.
www.yenicag.az