Bu ölkədə ehtiyatda olan hərbi qulluqçular üçün yaş həddi 65-ə QALDIRILACAQ
Finlandiya Müdafiə Nazirliyi ehtiyatda olan hərbi qulluqçular üçün yaş həddinin 65-ə qaldırılmasını nəzərdə tutan təklif hazırlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Təklifə əsasən, 1966-cı ildən sonra doğulan bütün çağırışçılar – əsgərlər, kiçik komandirlər və zabitlər – 65 yaşına qədər ehtiyatda saxlanıla biləcəklər. Ali rütbəli zabitlər isə hərbi xidmətə yararlı olduqları müddətcə ehtiyatda qalacaqlar.
Beşillik keçid dövrü ərzində ehtiyatda olan hərbçilərin sayı 125 min nəfər artacaq. Belə ki, 60 yaşına çatmış şəxslər daha 5 il hərbi xidmət keçə biləcəklər. Nəticədə, 2031-ci ildə Finlandiyanın hərbi ehtiyat qüvvəsinin ümumi sayı təxminən 1 milyon nəfərə çatacaq.
“Finlandiyanın müdafiəsi ümumi hərbi çağırış, hazırlıqlı ehtiyat qüvvəsi və yüksək vətənpərvərlik üzərində qurulub. Ehtiyat yaş həddinin artırılması daha çox insana ölkənin müdafiəsində iştirak imkanı verəcək və bununla da Finlandiyanın müdafiəsini gücləndirəcək. Ehtiyat qüvvəsinin gücləndirilməsi ölkənin təhlükəsizliyini artırır”, – deyə müdafiə naziri Antti Hyäkkanen bildirib.
Nazirlikdən verilən açıqlamada ehtiyatda olan hərbçilərin qərargah, yardımçı və təlim vəzifələrinin icrasında vacib rol oynadığı qeyd olunub.
Təklif Hərbi Xidmət üzrə Komitənin tövsiyələri və hökumət proqramı əsasında hazırlanıb.
Qeyd edək ki, yaxın günlərdə Yunanıstan Müdafiə Nazirliyi də ölkənin ehtiyat sistemində islahat aparmaq planlarını açıqlayıb. Bu plana əsasən, 2030-cu ilə qədər 150 min aktiv ehtiyatçı hazırlanacaq. Almaniyada isə Bundesverin baş inspektoru Karsten Broer ehtiyat qüvvələrinin artırılması ilə ordunun gücləndirilməsinin vacibliyini vurğulayıb.